29-cu "Nika" kino mükafatının təqdimat mərasimi keçirilib FOTOLAR

Moskvada 29-cu "Nika" milli kino mükafatının təqdimat mərasimi keçirilib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, gecənin açılışını Rusiya Kinematoqrafiya Akademiyasının Prezidenti Andrey Konçalovskiy və Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy edib.

Mərasimdə kinorejissor Aleksandr Mindadzenin lentə aldığı "Əziz Hans, dəyərli Pyotr" filmi "Ən yaxşı film" və "Ən yaxşı ssenari" nominasiyalarına görə, yarışan 6 ekran əsəri arasından seçilərək mükafata layiq görülüb.

Film müharibə ərəfəsində SSRİ-yə işləməyə gələn alman mühəndislərinin həyatından bəhs edir. Ekran əsəri Rusiya, Almaniya, Ukrayna və Böyük Britaniyanın müştərək işidir.

"Ən yaxşı aktyor" nominasiyası üzrə isə aktyorlar Danila Kozlovskiy ("Duxless-2") və Aleksandr Yaçenko ("İnsayt") mükafata layiq görülüblər.

Kinorejissor Stanislav Qovoruxin çəkdiyi "Gözəl eranın sonu" filmi ilə "Nika"nın "Ən yaxşı rejissor işi" mükafatını əldə edib.

Aktrisa İrina Kupçenko "Müəllim" filmində yaratdığı obraza görə, "Ən yaxşı aktrisa" nominasiyasına, İnna Çurikova isə "Ölkə 03" komediyasına görə, "Ən yaxşı ikinci plan aktrisası" adına layiq görülüblər.

Rejissor Eldar Ryazanovun adını daşıyan "Şərəf və ləyaqət" xüsusi mükafatı isə SSRİ xalq artisti Alisa Freyndlixə təqdim edilib.

Qeyd edək ki, Rusiya Kino Akademiyasının təqdim etdiyi "Nika" milli kino mükafatı 1987-ci ildə kinorejissor Yuli Qusman tərəfindən yaradılıb.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə