Cahangir Rüstəmovun fərdi yaradıcılıq sərgisi açılıb FOTOLAR

Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Cahangir Rüstəmovun anadan olmasının 90 illiyi münasibətilə fərdi yaradıcılıq sərgisi açılıb.

SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə nazirin müavini Ədalət Vəliyev çıxış edərək rəssamın Azərbaycan incəsənətinə verdiyi töhfələri vurğulayıb.

Bildirilib ki, rəssam yaradıcılığında əsas yeri əmək mövzusuna verib, kənd zəhmətkeşlərinin həyatını və məişətini böyük ustalıqla öz əsərlərində əks etdirib.

Tədbirdə muzeyin direktoru Çingiz Fərzəliyev, xalq rəssamları Fərhad Xəlilov, Ömər Eldarov və Fuad Salayev çıxışlarında C.Rüstəmovun əsərlərinin rəngkarlığın bir çox janrını əhatə edərək, dərin milli ruh və poetikliyi ilə fərqləndiyini qeyd ediblər. Sənətkarın rəngarəng əsərlərinin Rusiya, Türkiyə, Bolqarıstan, Macarıstan, İran, Suriya, Livan, Rumıniya və bir çox başqa xarici ölkələrdə nümayiş olunduğu bildirilib.

Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgidə rəssamın "Yaşıl çay plantasiyası", "Bakı", "İslam memarlıq abidəsi", "Karfagen yaxınlığında", "Cənublular. Sosialist yarışmasının qalibləri", "Qəhrəman sələfimiz", "Sahil", "Kür mənzərəsi", "Torpağın oyanması" və digər tabloları nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə