“Soyqırımı memorial kompleksi”ni 20 mindən çox insan ziyarət edib FOTOLAR

“Soyqırımı memorial kompleksi”ni 20 mindən çox insan ziyarət edib FOTOLAR

31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba şəhəri Soyqırımı memorial kompleksində kütləvi tədbir keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, kompleksi 20 mindən artıq insan ziyarət edib.

Ötən əsrin əvvələrində Bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizlənmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilib. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə dağıdılıb, Quba şəhərinin özü talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi isə kütləvi şəkildə qətlə yetirilib.

2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsədüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında ermənilər tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olub.

Qeyd edək ki, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Quba şəhərində "Soyqırım memorial kompleksi"nin yaradılması haqqında 30 dekabr 2009-cu il tarixli sərəncam imzalayıb. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində inşa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə