Qusarın “Folklor Paytaxtı” seçilməsinin təqdimat mərasimi olub

Qusarın “Folklor Paytaxtı” seçilməsinin təqdimat mərasimi olub

Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbiq edilən "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı çərçivəsində 2016-cı il üçün Qusar şəhərinin "Azərbaycanın Folklor Paytaxtı"nın seçilməsinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İsesconun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri, dövlət məmurları və KİV nümayəndələri iştirak edib.

Mərasimi giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin mədəni siyasət şöbəsinin müdiri Fikrət Babayev layihənin əhəmiyyətindən danışıb: "Mədəniyyət və Turizm Nazirliyi artıq yeddi ildir ki, mədəniyyət paytaxtı seçilməsi layihəsini gerçəkləşdirir. Layihə çərçivəsində Masallıda "Folklor", Göyçayda "Nar", Qəbələdə "Mürəbbə", Qubada "Alma" festivalları keçirilib. Belə tədbirlərin təşkil olunması təkcə mədəniyyət hadisəsi kimi önəmli deyil, həmçinin, turizmin inkişafına da təsir edəcək əhəmiyyətə malikdir. Bu baxımdan, Qusarda istər mədəni, istərsə də turistik tələblərə cavab verən şəraitin qurulması məqsədi ilə, mütərəqqi addımlar atılıb. Bu il çərçivəsində yeni, mötəbər layihələrin gerçəkləşməsi nəzərdə tutulub".

Çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsesconun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycrini və qonaqları salamlayıb: "Hörmətli qonaqlar! Bildiyiniz kimi, ölkə başçısı Cənab İlham Əliyevin sərəncamına əsasən, bu il "multikulturalizm ili" elan olunub. Bizim həyata keçirdiyimiz bütün layihələr də multikultural dəyərlərə cavab verməlidir. Bu ideyanın reallaşmasında daim bizə dəstək olan İsesconun danılmaz rolu var. Bu günə qədər 17 şəhər paytaxt seçilib. Bizim kollegiyanın geniş müzakirəsindən sonra bu il Qusarın "folklor paytaxtı" seçilməsinə qərar verilib. Çünki Qusar özündə multikultural ənənələri ehtiva edən şəhərdir. Azərbaycanda hər zaman azsaylı xalqların mədəniyyətinə diqqət və qayğı ilə yanaşılıb. Belə vəziyyət hər zaman hörmət, dostluq çərçivəsində davam edəcək. Bu baxımdan, mədəniyyət paytaxtları seçilən şəhər və rayonların rəhbərlərinə, sakinlərinə bu adı layiqincə daşıdıqları üçün təşəkkür edirəm.

Artıq 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının "İslam mədəniyyətinin paytaxtı" seçilməsi ilə bağlı hazırlıqlara başlanılıb. Ona görə də, yaxın gələcəkdə nəzərdə tutulan bütün beynəlxalq layihələrin həyata keçirilməsi məqsədi ilə işlər görülür".

İsesconun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri təqdimetmə mərasimində iştirak etdiyinə görə məmnunluğunu ifadə edib: "Azərbaycan çox qədim və zəngin mədəni irsə sahib ölkədir. Bu, sərvətin qorunmasında və dünyada tanıdılmasında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın əvəzsiz xidmətləri var. Bu baxımdan, hesab edirəm ki, belə layihələrin gerçəkləşdirilməsi ölkənizin beynəlxalq səviyyədə daha da tanınmasında xüsusi əhəmiyyətə malikdir".

Sonra Qusar Rayon İcra Hakiminin müavini Elman Mustafayev çıxış edərək şəhərdə görülən işlər barədə məlumat verib: "Qusar şəhərinin paytaxt elan olunması proqramı çərçivəsində artıq şəhərdə mütərəqqi tədbirlərin keçirilməsinə başlanıb. Milli musiqi və rəqs bayramları münasibəti ilə layihələr gerçəkləşib.

Həmçinin, il ərzində nominasiyaya uyğun olaraq, təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və başqa tədbirlərin təşkili nəzərdə tutulub.

Ölkə başçısı İlham Əliyevin sərəncamlarına əsasən, daim regionlara diqqət və qayğı göstərilir. Bunun nəticəsində, şəhərdə iri miqyaslı mədəniyyət müəssisələri tikilib və təmir olunub. Qusar şəhəri adından Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".

Çıxışlardan sonra "Xalq yaradıcılığı proqramı" çərçivəsində görülən işlər barədə hesabat verilib.

Qeyd edək ki, sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İsesconun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri tərəfindən Qusar Rayon İcra Hakiminin müavini Elman Mustafayevə layihənin simvolik kuboku və medalı təqdim olunub.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə