"Azərbaycan musiqi irsinin dünyada təbliği" layihəsi təqdim olundu FOTOLAR

"Azərbaycan musiqi irsinin dünyada təbliği" layihəsi təqdim olundu FOTOLAR

Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Milli Kitabxananın "Azərbaycan musiqi irsinin dünyada təbliği" layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayıb və Milli Kitabxananın saytında yaradılan "Musiqi kitabxanası" və "Azərbayca musiqi irsinin dünyada təbliği" layihəsi barədə qısa məlumat verib: "Layihə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin ötən ilin dekabr ayında Milli Kitabxanada keçirdiyi musiqi xadimləri ilə görüşü zamanı irəli sürdüyü təklif və verdiyi tapşırıq əsasında həyata keçirilməyə başlanılıb. Mən Beynəlxalq Musiqi Kitabxanası Layihəsi-Petruççi Musiqi Kitabxanası (IMSLP) layihəsinin həyata keçirilməsində dəstək olmuş Müəllif Hüquqları Agentliyinə təşəkkür edirəm. Milli Kitabxananın saytında yaradılan "Musiqi kitabxanası"nda Azərbaycan musiqisinə dair çap olunmuş və Milli Kitabxananın fondlarında mühafizə olunan nəşrlərin elektron versiyasından ibarət tam mətnlər yerləşdirilib. Burada yalnız Müəlliflik hüququ və Əlaqəli hüquqlar haqqında Qanunun icazə verdiyi və ya müəlliflərin özləri tərəfindən rəsmi icazə verilən əsərlər açıq yerləşdirilib, qalan ədəbiyyatdan isə yalnız kitabxananın lokal şəbəkəsində istifadə etmək mümkündür".

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev öz çıxışında layihənin məqsədi haqqında danışıb: "Layihə Azərbaycan musiqisinin dünya miqyasında və respublikada geniş təbliğinə nail olmaq məqsədilə yaradılıb. Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq musiqimizin, folklorumuzun, aşıq mahnılarımızın dünyada ən çox tanınan beynəlxalq musiqi saytlarında və portallarında, habelə Milli Kitabxanın saytında yerləşdirilməsi qədim tarixə malik olan mədəni irsimizin qorunması naminə atılan mütərəqqi addımdır.

Hələ sovetlər dönəmində mədəni nümunələrimiz, kinolentlərimiz, musiqi partituralarımız, bəstəkarların əlyazmaları SSRİ-nin paytaxtı Moskvada fondlarda qorunub saxlanılırdı. Mədəniyyət və Turizm Nazirliyi Müəlliflik Agentliyi ilə birgə milli mədəni irsimizə sahib çıxaraq, onların vətənimizə gətirilməsində uğurlu işlər görüb. Ayrı-ayrı sənət xadimlərinin müraciəti və bizim araşdırmalarımız nəticəsində musiqi əsərlərimizin hüquqları qorunub. Bu, bizim həssas nöqtəmizdir. Bildiyiniz kimi, uzun illərdir incəsənət nümunələrimizə göz dikən yadellilərə qarşı ciddi addımlar atılıb. Mədəni irsimizə sahib çıxılıb. Yeni layihə məhz, bu istiqamətdə görülən əhəmiyyətli işlərdən biridir".

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov musiqi tariximizin gələcəyə ötürülməsində layihənin əhəmiyyətindən söz açıb: "Bu layihənin gerçəkləşdirilməsi Azərbaycan mədəniyyətinin təbliğində əlamətdar hadisələrdən biridir. Əslində, bu, çox çətin və məsuliyyətli işdir. Müəllif Hüquqları Agentliyi tərəfindən hər zaman milli mədəni nümunələrimizə təcavüz edən ermənilərə əsaslı, rəsmi cavab verilib. Bununla, biz həm musiqilərimizə sahib çıxa biləcəyik, həm də ölkəmizin bu istiqamətdə təbliğinə nail olacayıq. Bu gün biz rəqəmsal dünyada yaşayırıq və bu funksional layihə bizi bəşəriyyətə açan pəncərədir".

Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə çıxış edərək layihənin hazırlanması prosesi haqqında məlumat verib: Layihənin həyata keçirilməsi musiqi tariximizdə çox mühüm hadisədir. Bu məqsədə çatmaq üçün böyük işlər görülüb. Saytın yaradılmasına bir ay öncə qərar verilib. Kərim müəllimlə layihə haqqında danışanda inana bilmirdim ki, bu işi gerçəkləşdirmək mümkün olacaq. Çünki, bu, həm məsuliyyət, həm də böyük zəhmət tələb edir. Biz də Bəstəkarlar İttifaqı olaraq, vəzifəmizi icra etməyə başladıq. Azərbaycanda, Moskvada qorunub saxlanılan bütün əlyazma və not yazılarını Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdik. Bu əlyazmalar musiqi xəzinəmiz və zənginliyimizin göstəricisidir. Bəstəkarın işi yaratmaqdır. Onun zəhmətinin bəhrəsini qoruyub gələcək nəsillərə ötürmək isə biz mədəniyyət müəssisələrinin vəzifəsidir".

Daha sonra tədbir iştirakçılarına "Musiqi kitabxanası" və Petruççi Musiqi Kitabxanası (IMSLP) təqdim olunub.

Nəzərinizə çatdıraq ki, sonda tədbir iştirakçıları kitabxananın fondlarında mühafizə olunan Heydər Əliyev Fondunun musiqi nəşrləri, musiqi ədəbiyyatı, not, disk və səsyazmalardan ibarət sərgi ilə tanış olublar.

Qeyd edək ki, "Azərbaycan musiqisinin dünyada təbliği" bölməsində 30 bəstəkarın 150-dək əsərinin notları, habelə 25 Azərbaycan xalq mahnısı (o cümlədən, Azərbaycanın Himni, "Sarı gəlin", mahnısı və s. xalq mahnıları), korifey ifaçılar-Bülbül, Rəşid Behbudov, Xan Şuşinski, Habil Əliyev, Ağaxan Abdullayev, Lütfiyar İmanovun və başqalarının ifasında mp3 formatda yerləşdirilib. Balaban, kamança və digər milli musiqi alətlərində solo ifalar, onların bizim milli musiqi aləti olması barədə annotasiya və haqqında qısa məlumatlar verilib. Həmçinin, Ulu öndər Heydər Əliyevə (Ümummilli liderə həsr olunmuş "Bahar oğlu"), Xocalı soyqırımına (Xocalı soyqırımının əziz xatirəsinə aid edilmiş "Humayun") və dünya şöhrətli bəstəkarlarımıza ithaf olunmuş musiqi əsərləri mp3 formatda, canlı ifada, səsli təqdim olunub. Eyni zamanda, burada ithaf olunan hadisələr və şəxsiyyətlər haqqında qısa məlumat yerləşdirilib. Ümumilikdə, bütün notlar müəllif, ölkə üzrə, ilinə, növünə görə 6-8 yerdə verilib.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə