Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi başlanıb

Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi başlanıb

Nizami Kino Mərkəzində "Şər qarışanda" və "Səkkiz ən yaxşı görüş" filmlərinin nümayişinə başlanıb. Mərkəzdən SİA-ya verilən xəbərə görə, rəqqasə Oksana Rəsulovanın rəhbərlik etdiyi "Oksimediya" prodakşnın qorxu janrında lentə aldığı "Şər qarışanda" filminin rejissoru Samir Kərimoğlu, operatoru Nadir Mehdiyevdir. Yaş həddi: 16+

Kinolent 1992-ci ildə doqquz yeniyetmənin manyak tərəfindən qəddarcasına qətlə yetirilməsindən bəhs edir. Hadisədən iyirmi dörd il keçməsinə baxmayaraq, dəhşət hələ davam edir.

Filmdə baş rolları aktyorlar Ramiz Novruz, Qurban İsmayılov, İlhamə Qasımova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva canlandırıblar.

Rejissor Maryus Vaysberqin çəkdiyi "8 ən yaxşı görüş" filmi melodramatik komediya janrındadır. Sloqanı: "Arvadıma ər axtarıram". Yaş məhdudiyyəti:12+

Veterinar klinikanın sahibi Nikita ağır xəstəliyə düçar olduğunu öyrənir. Bunun həkim səhvi olduğunu bilməyən ailə başçısı, ondan sonra arvad uşağının qayğısını çəkmək üçün onu əvəz edə biləcək layiqli birini axtarmağa başlayır. Sonradan düşəcəyi vəziyyət hər kəsi güldürəcək.

Filmdə rolları Vladimir Zelenskiy, Vera Brejneva, Vladimir Epifantsev, Yevgeniy Koşevoy, Sergey Kazanin, Nino Kantariya, Viktor Şur və digər aktyorlar canlandırıblar.

Qeyd edək ki, bu günlərdə qala-qecəsi keçirilən milli "Axırıncı yol" komediyasının nümayişi də davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə