İstanbulda Azərbaycan turizm nümayəndəliyi açılacaq

İstanbulda Azərbaycan turizm nümayəndəliyi açılacaq

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm imkanlarının Türkiyədə tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Azərbaycanın İstanbulda turizm nümayəndəliyi fəaliyyətə başlayacaq. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi ilə İstanbul şəhərində fəaliyyət göstərən "Gateway" şirkəti arasında razılıq əldə olunub.

Bu nümayəndəliyin fəaliyyəti nəticəsində Azərbaycanın turizminin marketinq strategiyasına uyğun olaraq, prioritet ölkələrdən hesab olunan Türkiyədə təbliğat işinin gücləndirilməsi olduqca vacibdir və nümayəndəliyin əsas fəaliyyəti bundan ibarət olacaq.

İstanbul şəhərində turizm nümayəndəliyinin rəsmi açılışı ilə bağlı tədbir keçiriləcək. Tədbirdə Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının, Azərbaycan Konqreslər Bürosunun rəhbərləri, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan və Türkiyə turizm şirkətləri və mehmanxanalarının, həmçinin, hər iki ölkənin KİV nümayəndələrinin iştirakı planlaşdırılır.

Tədbirin sonunda Azərbaycanda fəaliyyət göstərən böyük mehmanxanaların və "Formula-1" yarışmasının Qran-Pri mərhələsinin təqdim etdiyi biletlərə əsasən viktorinalar keçiriləcək.

Qeyd edək ki, artıq bir neçə ildir ki, Azərbaycanın turizm nümayəndəliyi BƏƏ-də və Almaniyada, fevralın 24-dən isə Rusiyada fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə