Əliabbas Qədirovun xatirə gecəsi keçirilib FOTOLAR

Əliabbas Qədirovun xatirə gecəsi keçirilib FOTOLAR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Əliabbas Qədirovun anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir baş tutub. SİA-nın verdiyi xəbərə görə, fevralın 17-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən xatirə gecəsində Akademik Milli Dram Teatrının direktoru, xalq artisti Azərpaşa Nemət aktyorun həyat və yaradıcılığından, teatr sənətindəki xidmətlərindən və yaratdığı obrazlardan bəhs edib.

Tədbirdə görkəmli sənətkarın həmkarları onun haqqında xatirələrini bölüşüblər.

Bildirilib ki, Ə.Qədirov 1970-ci il aprelin 6-dan ömrünün sonunadək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib və teatrın bədii rəhbəri və direktoru vəzifəsinədək yüksəlib. O, teatr səhnəsində "Xəyyam", "Aydın", "Sevil", "Oqtay Eloğlu", "Hacı Qara", "Xırs quldurbasan", "Vaqif", "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Torpağa sancılan qılınc" və başqa unudulmaz obrazlar canlandırıb.

Gecədə həmçinin, Ə.Qədirovun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 62 bədii və tammetrajlı filmlərdə oynadığı rollardan danışılıb. 1978-ci ildə "Sevinc buxtası" filmindəki roluna görə Dövlət mükafatına layiq görülüb.

Tədbir iştirakçıları teatrın foyesində sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Xatirə gecəsində Əliabbas Qədirovun teatr və kinoda yaratdığı bir-birindən maraqlı obrazlardan fraqmentlər nümayiş olunub.

Qeyd edək ki, görkəmli sənətkar 2006-cı ildə Bakıda vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə