“Əli və Nino” filminin rejissoru BBC-yə məlumat verib

“Əli və Nino” filminin rejissoru BBC-yə məlumat verib

"Əli və Nino" filminin rejissoru Asif Kapadia BBC telekanalına ekran əsərinin çəkiliş prosesi haqqında məlumat verib. Heydər Əliyev Fondundan SİA-ya verilən xəbərə görə, A.Kapadia BBC-yə filmdə təqdim edilmiş tarixin Qafqazda - daha əvvəllər haqqında heç nə bilmədiyi regionda baş verdiyini bildirib: "Lakin hazırda bu regionun dünyada baş verən indiki hadisələr fonunda vacib region olduğu məlum olur. Burada Şərq Qərblə, Avropa Asiya ilə, müsəlmanlıq xristianlıqla görüşür. Bura çox gözəl yerdir".

"Əli və Nino" filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.

"Əli və Nino" filminin nümayişi ABŞ-ın "Sundance" beynəlxalq film festivalı çərçivəsində "Premyera" kateqoriyasında keçirilib.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli və Nino" Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

Qeyd edək ki, telekanal, həmçinin, filmdən hissələr və onun yaradılması prosesini təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə