Bakıda balet axşamı olacaq

Azərbaycan Dövlət Opera və Balet Teatrında Dmitri Şostakoviçin "Xanım və Xuliqan" və Sergey Prokofyevin "Tamahlar" baletlərindən ibarət balet axşamı olacaq. Bu barədə teatrdan SİA-ya verilən xəbərə görə, balet axşamında nümayiş olunacaq "Xanım və Xuliqan" 2012-ci ildə quruluşçu baletmeyster Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Moxnaçov tərəfindən səhnəyə qoyulub və bu günə kimi repertuardadır.

Yanvarın 17-də olacaq rus balet sənətinin ən dəyərli nümunələrindən olan bu balet iki gəncin faciəli məhəbbət tarixçəsindən – insanı yaxşılığa doğru dəyişən, onda təmiz və işıqlı hisslər oyadan məhəbbətdən, öz sevgisini qorumaq üçün həyatını qurban verən qəhrəmanın taleyindən bəhs edir.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək. Əsas rolları xalq artisti Kamilla Hüseynova (Xanım), aparıcı solist Anar Tahirov (Xuliqan), həmçinin əməkdar artist Alsu Qimadiyeva və solist Faiq Qubatov ifa edir. "Tamahlar" baleti 2003-cü ildə fransalı xoreoqraf Alen Amber tərəfindən səhnəyə qoyulub.

Tamaşa rus bəstəkarı S.Prokofyevin "Klassik simfoniya"sı əsasında səhnələşdirilib. Baletin süjet xətti olmasa da fərqli və valehedici musiqisi var. Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, solistləri xalq artisti Kamilla Hüseynova, əməkdar artistlər Yuri Lobaçov, Alsu Qimadiyeva, aparıcı solistlər Makar Ferştandt, Timur Oduşev, Failə Bolqarova, Veronika Arazova və başqalarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə