Gülşən Qurbanovasız 9 il

Bu gün Azərbaycan Respublikasının xalq artisti Gülşən Qurbanovanın doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, aktrisa 19 dekabr 1950-ci ildə Bakıda anadan olub. Tanınmış aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Hamlet Qurbanovun ata bir, ana ayrı bacısı, aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı, əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın bacısıdır. 1974-cü ildə Ə. Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirən Gülşən xanım Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayır və ölümünə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərir.

G.Qurbanova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) .

Aktrisa kinoda və televiziya tamaşalarında da müxtəlif obrazlar yaradıb. G.Qurbanovanın filmoqrafiyasında isə 20-dən artıq film yer alıb.

Gülşən Ağadadaş qızı Qurbanova 17 noyabr 2006-cı ildə Bakı şəhərində vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə