Bu gün SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun 100 yaşı tamam olur. SİA-nın verdiyi xəbərə görə, bu münasibətlə unudulmaz sənətkarın yaxınları, sənət dostları, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək onu ziyarət edib, məzarı önünə tər güllər düzüblər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli sənətkarın həyat və yaradıcılığından söz açıb. Onun ölməz səsi ilə hələ də qəlblərdə sevilərək yaşamasını diqqətə çatdıran nazir müavini, Rəşid Behbudovun Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixində böyük simalardan biri olduğunu vurğulayıb: "R.Behbudovun Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkildiyi "Arşın mal alan" filmində baş rolda çıxış etməsi və filmin 1945-ci ildə efirə çıxar-çıxmaz, qısa bir zamanda nəinki Azərbaycanda, bütün keçmiş Sovet İttifaqında böyük populyarlıq qazanması onun əsl sənətkarlıq əzmindən xəbər verirdi. Dahi Üzeyir bəyin əsəri və Rəşid Behbudovun məharətli ifası 70 ildir ki, dünyanı fəth etməkdədir. Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq bu günlər ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. Dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncam əslində bütün Azərbaycan xalqının Rəşid Behbudov şəxsiyyətinə və sənətinə sonsuz hörmətinin, sevgisinin, məhəbbətinin ifadəsidir. Gələn il Bakıda görkəmli ifaçı Rəşid Behbudovun heykəlinin açılışı olacaq və sənətkarın 100 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri təşkil ediləcək. Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq bu günlər ölkəmizin bütün bölgələrində silsilə tədbirlərin keçirilir. Yubileylə bağlı olaraq Rəşid Behbudovun disklərinin buraxılması, albomunun nəşri, həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin çəkilişi planlaşdırılır".
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək bildirib ki, XX əsrdə Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindən biri, estrada musiqisinin simvolu, müstəsna və ecazkar səsə malik R. Behbudovun yaradıcılığında milli və xarici, Şərqlə Qərb, o cümlədən Avropa və Asiya musiqisinin, uğurlu sintezi öz əksini tapıb.
Sonda R. Behbudovun həyat yoldaşı Ceyran Behbudova sənətkar haqqında xatirələrini bölüşərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB