GF-nun dəstəyi ilə küçə teatr tamaşası oynanılıb FOTOLAR

GF-nun dəstəyi ilə küçə teatr tamaşası oynanılıb FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının təşkilati dəstəyi ilə gənc rejissor Tərlan Abdullayev "Yaşamaq istəyirəm" adlı layihənin icrasına başlayıb. SİA-nın Cənub bürosunun məlumatına görə, layihənin həyata keçirilməsində məqsəd regionda ilk olan küçə teatr tamaşası vasitəsi ilə narkomaniyanın dəhşətlərini yeniyetmə və gənclərə çatdırmaq, bu kimi zərərli vərdişlərin fəsadları barədə cəmiyyəti maarifləndirməkdən ibarətdir.

Layihə çərçivəsində 2015-ci ilin sentyabr ayında Salyan şəhərində oynanılan tamaşadan sonra növbəti küçə teatr tamaşaları Biləsuvar, Masallı şəhərlərində nümayiş etdirilib. Tamaşaya 1000 nəfərdən çox yeniyetmə və gənc, müəllimlər, yerli icra strukturlarının nümayəndələri baxıblar. Tamaşa "ağ ölüm" adlanan narkomaniyaya düçar olmuş, lakin həyat eşqi hələ sönməmiş bir gəncin həyatından bəhs edir. Bu ağır bəladan qurtarmağa can atan gənc sonda istəyinə nail ola bilir.

Tamaşa iştirakçılar tərəfindən böyük maraqla izlənilib.

Tamaşada rolları N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorları Tərlan Abdullayev və Gülər Kərimova ifa ediblər.

Dekabrın 1-də isə tamaşa Lənkəranda göstəriləcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə