Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli teatr və kino aktyoru, "Şərəf" ordenli, xalq artisti Səyavuş Aslanın 80 illik yubileyi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir Səyavuş Aslanın sənət yolundan bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Səyavuş Aslanla bağlı xatirələrini bölüşüb: "Mərhum hər kəslə dil tapmağı bacaran adam idi. Hər kəsə xeyirxahlıq edirdi. Səyavuş Aslan Azərbaycan teatrının sonuncu nəhəng sənətkarlarından idi. Onun haqqında çox danışmaq olar. Xalq artisti dünya standartlarına cavab verən aktyor deyiblər. Bu həqiqətdir".
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət isə Səyavuş Aslanı oynadığı bütün obrazlarda ürəyini qoyduğunu deyib:"Səyavuş Aslan mənim bütün tamaşalarımda baş rolları ifa edib. Sonuncu dəfə mənim quruluşumda "Hamlet" əsərində Poloni obrazını ifa etdi. Mən dostuma Allahdan rəhmət diləyirəm. Səyavuşu 80 yaşında təbəssümlə xatırlayaq".
Tədbirdə həmçinin xalq artistləri - Hacı İsmayılov, Rafiq Əzimov və başqaları sənət dostları haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib. 1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan Səyavuş Aslan ağır xəstəlikdən sonra 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB