Gülağa Məmmədovun 90 illiyi qeyd olundu

Gülağa Məmmədovun 90 illiyi qeyd olundu

Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında milli musiqi sənətimizin tanınmış nümayəndəsi, xalq artisti Gülağa Məmmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan gecədə sənətkarın yaxınları və sənət dostları ilə yanaşı, bir sıra mədəniyyət və incəsənət xadimləri iştirak edib. Əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Gecədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Gülağa Məmmədovun Azərbaycan musiqi mədəniyyətinin və ifaçılıq sənətinin formalaşmasındakı xidmətlərindən söz açıb. Nazir müavini sənətkarın yaradıcılığını yüksək qiymətləndirərək onun repertuarında yer alan xalq mahnılarının, təsniflərin, o cümlədən muğam sahəsindəki ifaçılıq məharətinin əvəzolunmazlığını diqqətə çatdırıb.

Bildirilib ki, milli ifaçılıq məktəbinin ənənələrini ləyaqətlə qoruyub yaşadan Gülağa Məmmədov eyni zamanda özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi zənginləşdirib. Sənətkarın uzunillik yaradıcılıq fəaliyyəti Azərbaycan musiqisinin unudulmaz səhifələrini təşkil edir.

Qeyd edək ki, gecədə sənətkarın repertuarında yer alan "Vətənimdir", "Ana kür", "Bakı gecələri", "Gəlmədin", "Şeir deyilmi", "Gülərəm gülsən", "Hardasan", "Oxu tar", "Gecələr", "Kor Ərəbin mahnısı", "Ayrılıq", "Oxu gözəl", "Haralısan", "İntizar", "Qurban verərdim" və. s mahnılar tanınmış və gənc ifaçılar tərəfindən səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə