“Söz”ün ilk təqdimatı olub

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan "Söz" adlı ədəbi layihənin ilk təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə layihənin rəhbəri Nigar Həsənzadə məqsədin Azərbaycanın klassik şair və yazıçılarının oxuculara daha yaxından tanıdılmasından ibarət olduğunu qeyd edib. Layihənin yeni gənc yazıçıların yetişməsində müstəsna rola malik olacağı diqqətə çatdırılıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar sözün insan həyatında və ünsiyyətində xüsusi əhəmiyyətə malik olmasından danışıb. Xalq yazıçısı ədəbiyyata və söz sənətinə marağın artırılmasına xidmət edən layihənin sonda müsbət nəticələnəcəyinə əmin olduğunu deyib.

Bildirilib ki, layihə, Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həm də ölkəmizin mədəniyyətinin təbliği və yeni istedadlı yazıçıların aşkar olunması baxımından əhəmiyyətlidir.

Sonra Azərbaycan kinematoqrafiyasının şah əsərlərindən olan "Dədə Qorqud" filmindən fraqmentlər nümayiş olunub.

Tədbirdə xalq artisti Nurəddin Mehdixanlı, aktyorlar Hikmət Rəhimov və Mələk Abbaszadənin təqdimatında bir sıra klassik söz ustalarımızın qəzəlləri səsləndirilib.

Qeyd edək ki, tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə