“Mozalan" studiyasına yeni direktor təyin olunub AÇIQLAMALAR

"Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə "Mozalan" studiyasına yeni direktor təyin olunub". Bunu SİA-ya açıqlamasında mədəniyyət və turizm nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov söyləyib.

Şöbə müdiri bildirib ki, studiyanın yeni direktoru Əlisəttar Quliyevdir: "Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərbaycan kino sahəsində bir sıra təyinatlar həyata keçib. Artıq "Mozala" studiyasına Əlisəttar Quliyev rəhbərlik edəcək. Bu müddətə qədər "Mozalan" studiyası Müşfiq Hətəmova həvalə olunmuşdu. Onu da deyim ki, Əlisəttar Quliyev əvvəllər "Azanfilm" studiyasının direktor müavini vəzifəsində çalışırdı".

Vüqar Şixəmmədov əlavə edib ki, nazirin digər əmri ilə "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmova "Azanfilm" studiyasının direktoru vəzifəsi səlahiyyətləri müvəqqəti olaraq həvalə olunub: "Azərbaycanda yeni cizgi filmlərinin çəkilməsi, bu sahənin daha da inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin qarşıya qoyduğu yeni tələblər var və həmin tələblərin icrası Müşfiq Hətəmova həvalə olunub. Xüsusilə diqqətinizə çatdırım ki, "Azanfilm"in keçmiş direktoru Fariz Əhmədov öz ərizəsi ilə vəzifəsindən azad olunub".

Əlisəttar Quliyev 6 noyabr tarixindən "Mozalan" studiyasına rəhbərlik etdiyini bildirib: "Əsas məqsədim yenidən əfsanəvi "Mozalan" kinojurnalını diriltmək, tamaşaçılara yeni və müasir formatda təqdim etməkdir. Onu da deyim ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissor fakültəsini bitirmişəm. Qısa metrajlı filmlərim "Kann" festivalında bir neçə dəfə iştirak edib. Həmçinin "Azərbaycanfilm" studiyasında bir neçə sənədli filimlərin prodüsseriyəm"

Bütün xəbərlər Facebook səhifəmizdə