Argentinalı nümayəndələr Azərbaycanda

Argentinalı nümayəndələr Azərbaycanda

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Argentinadakı Səfirliyi və "Türk Hava Yolları"nın birgə təşkilatçılığı ilə Azərbaycana turistlərin cəlb olunması, həmçinin, Argentinanın aparıcı turizm şirkətləri ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədilə cari ilin 05 – 10 noyabr tarixlərində Argentinanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizdə tanışlıq səfərindədirlər. SİA-nın məlumatına görə, səfər çərçivəsində cari ilin 06 noyabr tarixində "Boulevard" mehmanxanasında Argentinanın aparıcı turizm şirkətləri ilə Azərbaycanın turizm şirkətləri arasında işçi görüşü (work shop) keçirilmişdir. Görüşdə "Geo-travel", "İmprotex travel", "Regea travel", "Millennium Tourism and Congress DMC", "Atlas travel", "Gilan Tourism", "Victory tour", "Spektr travel" və "Turizm.az" turizm şirkətləri iştirak edib.

Görüşün əvvəlində Turizm şöbəsinin müdir müavini Rauf Paşayev giriş nitqi ilə çıxış etmiş, həmçinin, ölkəmizin turizm potensialına dair video təqdimat izlənilib.

Tədbir çərçivəsində qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılmış və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində qonaqlar paytaxt Bakı ilə yanaşı Qəbələ və Şəkiyə səfər edərək bu regionların turizm potensialı ilə yaxından tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə