Əlağa Vahidin 120 illik yubileyi qeyd olundu

Əlağa Vahidin 120 illik yubileyi qeyd olundu

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli şair Əlağa Vahidin 120 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin "Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzaladığını diqqətə çatdırdı. Bildirdi ki, sərəncama uyğun olaraq ilboyu ölkəmizin hər yerində şairə həsr edilmiş silsilə tədbirlər təşkil olunub Vaqif Əliyev vurğuladı ki, ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra Vahid yaradıcılığının tədqiqinə xüsusi diqqət yetirilib, şairin əsərləri çap olunub, haqqında çoxsaylı elmi məqalələr yazılıb.

Əlağa Vahid klassik şeir formalarında qələm çalan şairlərin sonuncusu, amma ən parlaq və bənzərsiz nümayəndələrindən biridir: "Vahid erkən yaşlarından Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir ənənələrini dərindən mənimsəyərək klassik sənətkarlar səviyyəsində qəzəl gülüstanı yaradıb. Tədqiqatçıların fikrincə, Vahid tarixi şəraitin təsiri ilə ərəb, fars tərkibli ifadələrlə ifrat dərəcədə yüklənmiş klassik əruz şeirini böyük məharətlə Azərbaycan-türk şeirinin qanunlarına tabe etdirməyi bacarıb. Onun şeirləri tərtəmiz ana dilimizdədir və həyatla nəfəs alır. Bununla belə, şair klassik Şərq qəzəlinin sərt qanunlarını da pozmur. Bu o deməkdir ki, Vahid yaradıcılığının estetik dəyərini böyük istedad və özünəqədərki təcrübəyə dərindən bələdlik müəyyən edir".

Vaqif Əliyev qeyd etdi ki, nə qədər çətin həyat yaşasa da, Vahidin şeirləri nikbindir, insanın qəlbinə fərəh verir: "Onun yaradıcılığında satira, yumor və lirika vəhdətdədir. Şeirlərinin əsas obrazları vətən, sevgi, həyat, insanlardır. Yüksək obrazlılıq, fikri təsirli ifadə etmək Vahid şeirlərinə əbədiyyət ömrü qazandırır. Məhz buna görə də ilk şeirlərini yazdığı dövrdən yüz ildən çox vaxt keçsə də, qəzəl ustadının əsərləri yaddaşlardan silinmir, dillərdə dolaşır".

Bildirildi ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğam sənətinin inkişafına böyük töhfələr verdiyi son 10 ildə Vahid irsi də sanki ikinci həyat qazanıb, onun qəzəlləri yeni xanəndələr nəslinin repertuarında daha möhkəm yer alıb.

Tədbirdə AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək poeziyamızda xüsusi yeri olan şairin yaradıcılıq yolundan söz açdılar. Qeyd olundu ki, Əlağa Vahid gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, ilk şeirlərini yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edən müəllifin "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub. "Kupletlər", "Mollaxana" kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulublar. Onun qəzəlləri poetik dilin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir. Şairin şifahi ədəbiyyatın – meyxana janrının inkişafında da xüsusi rolunun olduğu vurğulandı.

Gecədə şairin həyatından bəhs edən "Qəzəlxan" filmindən kadrlar nümayiş olundu. Yubiley tədbiri tanınmış xanəndələrin ifasında ustad sənətkarın qəzəllərinə bəstələnmiş musiqi nömrələri ilə davam etdi. Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Gülüstan Əliyeva, Səbuhi İbayev, Ehtiram Hüseynov və başqalarının ifaları alqışlarla qarşılandı. Həmçinin Sabir Məmmədov, Almaz Orucova Əlağa Vahidin yaradıcılığından nümunələri səsləndirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə