Afaq Abbasova konsert verəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına Rusiya Federasiyası Mədəniyyət Nazirliyindən dəvət məktubu daxil olub. SİA-nın məlumatına görə, məktubda noyabrın 16-17-də Rusiya Federasiyasının Voronej şəhərində Müstəqil Dövlətlər Birliyi gənc opera solistlərinin Qala-konsertinin keçiriləcəyi haqqında məlumat verilir və bu konsertə Teatrın aparıcı solisti Afaq Abbasova dəvət olunur. Məlum olduğu kimi, 2015-ci ildə Voronej MDB-nin mədəniyyət paytaxtı elan olunmuş və müstəqil dövlətlərin sənət ustalarının iştirakı ilə bu şəhərdə çoxsaylı mədəni tədbirlər təşkil olunub. A.Abbasovanın dəvət olunduğu Qala konsert Dövlətlərarası layihənin yekun tədbiridir. Bütün müstəqil dövlətlərdən güclü səs sahiblərinin iştirak edəcəyi bu konsertdə Azərbaycanı təmsil edəcək Afaq Abbasova orada klassik operalardan parçalarla yanaşı, Üz.Hacıbəylinin ölməz "Koroğlu" operasından Nigarın ariyasını da ifa edəcək.

Qeyd edək ki, Afaq Abbasova gənc olmasına baxmayaraq artıq Azərbaycanın hüdudlarından kənarda kifayət qədər tanınmış bir vokalçıdır. Respublikanın Əməkdar artisti, Prezident mükafatçısıdır. Teatrın səhnəsində bir çox klassik və milli opera tamaşalarında ("Traviata", "Trubadur", "İl-Tabarro", "Boqema", "Otello", "Don Karlos", "Sevgi şərbəti", "Manon Lesko", "Sevil", "Arşın mal alan" və s.) aparıcı partiyaları uğurla ifa edir. Milli vokal sənətimizi Amerika, Avstriya, İtaliya, Almaniya, Yunanıstan, Türkiyə, Şimali Kipr, Fransa, Moldova, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və bir çox başqa ölkələrdə yüksək professionallıqla təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə