Elçin Əfəndiyev: “Bədii əsərlərin ekranlaşdırılmasının tərəfdarı deyiləm” FOTOLAR
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınan "Qatil" bədii filminin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, gecədə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Heydər Əliyev Mərkəzinin rəhbəri Anar Ələkbərov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, ziyalılar, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Premyeradan əvvəl jurnalistlərə müsahibə verən yazıçı Elçin Əfəndiyev pyesi 10-12 il əvvəl yazdığını bildirib. Diqqətə çatdırıb ki, pyes ilk dəfə istedadlı rejissor Mehriban Ələkbərzadə tərəfindən Azərbaycan Dövlət Akademik Milli Dram teatrında səhnəyə qoyulub. Sonradan Moskva, Sankt-Peterburq, London, İstanbul və digər şəhərlərdə səhnələşdirilib: "İstedadlı həmvətənimiz, Finlandiyada yaşayan rejissor Kamran Şahmərdanın "Qatil" pyesini ekranlaşdırmaq təklifini müsbət qarşıladım. Açığını deyim ki, mən bədii əsərlərin ekranlaşdırılmasının tərəfdarı deyiləm. Çünki kinossenari orijinal olmalıdır. Ancaq Kamran məni inandırdı və bu ssenarini yazdım. Artıq filmi izləmişəm və tamaşaçıların da bəyənəcəyinə inanıram. Filmin Azərbaycan dilində səsləndirilməsi də vacib məsələ idi. "Azərbaycanfilm" kinostudiyası bu işin öhdəsindən gəlib".
Tədbiri Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov açaraq film haqqında məlumat verib. Bildirib ki, hər bir premyera kino işçiləri üçün bayram olmaqla yanaşı, həm də tamaşaçılar qarşısında hesabatdır. "Azərbaycanfilm"lə ötən əsrin 70-ci illərindən başlayaraq əməkdaşlıq edən Elçin müəllimin müəllifi olduğu filmlər hər zaman böyük maraqla qarşılanıb.
Müşfiq Hətəmov son illərdə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan filmlərə beynəlxalq festivallarda olan maraqdan, kino sahəsindəki islahatlardan, gələcək perspektivlərdən danışaraq vurğulayıb ki, hazırda bir neçə ölkə ilə müştərək film layihələri barədə danışıqlar aparılır.
Filmin rejissoru Kamran Şahmərdan "Qatil" pyesi əsasında hazırladığı tamaşanın Sankt-Peterburqda maraqla qarşılandığını diqqətə çatdırıb.
Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB