Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin "Şərq" zalında AMEA-nın muzeyin yaradılmasının 95 illiyinə həsr olunmuş sərginin açılış və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin muzeylə əməkdaşlıq çərçivəsində hazırladığı "Virtual Qarabağ Tarixi Muzeyi"nin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə muzeydə təşkil olunmuş sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Nailə Vəlixanlı açaraq bildirib ki, bu gün həm də muzey 95 illik yubileyini qeyd edir. Onun sözlərinə görə, muzeyin inkişafı üçün 95 ildə çox böyük işlər görülüb və bunlar kitab halında nəşr etdirilib.
AMEA-nın vitse prezidenti İsa Həbibbəyli çıxışında diqqətə çatdırıb ki, artıq muzey yüksək səviyyəli elm və mədəniyyət ocağına çevrilib. Belə ki, muzeyin beynəlxalq əlaqələrinin güclənməsi müstəqillik illərinin töhfəsidir.
Layihənin koordinatoru, "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təqdim olunan "Virtual Qarabağ Tarixi Muzeyi"nin Azərbaycanda ilk peşəkar virtual muzey mahiyyəti daşıdığını bildirib. O, qeyd etdi ki, belə muzeylər dünyanın müxtəlif tanınmış muzeyləri tərəfindən hazırlanır. N.Mehdiyev əlavə etdi ki, təqdim olunan muzey internet məkanında Qarabağ həqiqətlərinin yayılmasına xidmət edəcək. O əlavə edib ki, virtual muzeydə Qarabağa dair 32 muzey və şəxsi kolleksiyadan 900-dən çox eksponat toplanıb.
Qeyd edək ki, "Virtual Qarabağ Tarixi Muzeyi" "Virtual Qarabağ" İKT mərkəzinin www.virtualkarabakh.az portalının server bazasına yüklənərək saxlanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB