“Bölgələrdən paytaxta” layihəsi Xaçmaza həsr olundu FOTOLAR

“Bölgələrdən paytaxta” layihəsi Xaçmaza həsr olundu FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bölgələrdən paytaxta" adlı layihənin növbəti 9-cu təqdimatı Xaçmaz rayonuna həsr edilib. SİA-nın məlumatına görə, layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Turizm İdarəsi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun tarixini, mədəniyyətini və adət- ənənəsini əks etdirən sərgi açılıb.

Əvvəlcə tədbir iştirakçıları Xaçmaz rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlərin regionlara müsbət təsir etdiyini söyləyib. Bildirib ki, dövlət başçısı tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzi istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb.

Nazir qeyd edib ki, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliği, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə baş tutan "Bölgələrdən paytaxta" adlı layihə Azərbaycanın mədəni və tarixi potensial imkanlarından xəbər verir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, bu gün regionların iqtisadi-sosial və mədəni inkişafı dövlətimizin başçısının diqqət və qayğısının nəticəsidir. O deyib ki, belə təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verir.

Tədbirdə Xaçmazın müasir inkişafını əks etdirən videoçarx nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib. İlin sonunadək layihə Zaqatala rayonuna və Gəncə şəhərinə də şamil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə