Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu ölkə turizminin inkişafı ilə bağlı tədbirlərini davam etdirir. SİA-nın məlumatına görə, bu məqsədlə turizmin inkişafında infrastruktur və məkanların rolunu müzakirə etmək və görüləcək işləri təyin etmək üçün Büro, ölkəmizdə fəaliyyət göstərən məkan, muzey və teatrların rəhbərlikləri ilə görüş təşkil edib. "Məkanların Görüşlər Sənayesində Yeri" adlı tədbir baş tutub.
Görüşə sədrlik edən Mədəniyyət və Turizm Nazirinin müavini, cənab Nazim Səmədov ilk öncə iştirakçılara ümumilikdə ölkənin turizm bazarının hazırki vəziyyəti, turizmin inkişafı istiqamətində Büro tərəfindən görülən işlər, Büronun nailiyyətləri və Görüşlər Sənayesinin inkişafı sahəsində görülən işlərin əhəmiyyəti barədə məlumat verib.
Görüş, Azərbaycan Konqreslər Bürosunun heyəti və xüsusi dəvət olunmuş beynəlxalq ekspert Elizabet Hanzanın hazırladığı təqdimat ilə davam edib. Təqdimat zamanı görüş iştirakçılarına məkanın uğurlu idarə olunma üsulları və eləcə də bu sahədə olan müvəffəqiyyətli təcrübələr barədə məlumat verilib. Bu istiqamətdə Azərbaycan Konqreslər Bürosu ilə birgə əməkdaşlığın gətirə biləcəyi töhfələr qeyd olunub.
Eyni zamanda, stimullaşdırıcı tədbirlər sırasında daha çox beynəlxalq iştirakçıların cəlb olunması üçün tədbirlərin yalnız məkanlarda deyil həmçinin muzey və teatrlarda təşkil olunmasının vacibliyi vurğulanıb.
Tədbir sonunda qonaqlar Azərbaycan Konqreslər Bürosu ilə əməkdaşlıq etməkdə maraqlarını ifadə edərək, beynəlxalq əhəmiyyətli tədbir və konfransların muzey və teatrlarda təşkil olunması işinin peşəkarlaşdırılması və gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB