Şekspirin “Hamlet”i Bakıya gəlir

3 oktyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və British Council Azərbaycanın dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Şekspirin "Qlobus" teatrının "Hamlet" tamaşası nümayiş olunacaq. SİA-nın məlumatına görə, Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun "Qlobus Teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək möhtəşəm dünya turnesinə çıxıb. Bu, tamamilə misilsiz teatr sərgüzəşti "Hamlet" tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir.

Şekspir Qlobus teatrının bədii rəhbəri və Hamlet tamaşasının rejissoru Dominik Dromgul bildirib ki, "Globe to Globe Hamlet" layihəsi "Hamlet" tamaşasının müxtəlif məkanlarda və böyük tamaşaçı auditoriyasına nümayiş olunmaq məqsədilə yaradılıb.

Turnenin əsas qayəsi ondan ibarətdir ki, Şekspir yer üzündə insanların harada olmasından asılı olmayaraq hər kəsi əyləndirə və hər kəslə danışa bilər və heç bir ölkə və heç bir xalq Hamletin canlı tamaşasından imtina etməz. Səyahətin yarıdan çox hissəsi hal-hazırda tamamlanıb və "Hamlet" tamaşası Amerika, Avropa və Afrika daxil olmaqla artıq 100-dən çox ölkədə yüz mindən artıq tamaşaçı kütləsi üçün nümayiş olunubdur.

Tamaşa ingilis dilində və Azərbaycan dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə nümayiş olunacaq. Biletləri şəhərin bilet kassalarından əldə edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, "Qlobus" Teatr Şirkətinin iştirakı ilə 2015-ci ilin 3 oktyabr tarixində saat 17:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mətbuat konfransı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə