Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi, aşıq sənətinin tarixini, nəzəri əsaslarını, aşıq havalarının incəliklərini, klassik aşıqlarımızın yaradıcılığını, dastanlarımızı bilən və təbliğ edən, gənclərdə bu sənətə meyl və marağın güclənməsində böyük xidmətləri olan Əməkdar mədəniyyət işçisi Ulduz Quliyevanın anadan olmasının 70 ili tamam olur. SİA-nın məlumatına görə, bununla əlaqədar, 30 sentyabr tarixində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında aşıq Ulduz Quliyevanın yubiley tədbiri keçiriləcək.
Ulduz Əskər qızı Quliyeva 16 iyun 1945-ci il tarixində Gədəbəy rayonunun Kərimli kəndində aşıq ailəsində anadan olmuşdur. A.Zeynallı adına Bakı Musiqi Məktəbinin muğam sinfini bitirmiş U.Quliyeva ilk əmək fəaliyyətinə Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evində başlamış, 1971-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, bir çox görkəmli sənətkarlarla çiyin çiyinə çalışıb.
U.Quliyevanın 1984-cü ildə yaratdığı "Sazçı qızlar" ansamblı tamaşaçılar arasında böyük rəğbət qazanmışdır. O, "Ulduz" birliyinin sədri, "Qopuz" jurnalının təsisçisi və baş redaktorudur.
"Aşıq Pəri" məclisinin yaradıcılarından və fəal üzvlərindən olan aşıq U.Quliyeva respublikada ilk dəfə Ü.Hacıbəyli adına Sumqayıt Musiqi Kollecində aşıq sənətinin tədrisinə başlamış, saz sinfi açmış və aşıq sənətinin tədris proqramını yazmışdır. "Saz demirmi bəs", "Vüqarımı o dağlardan almışam", "Bir bahar axşamı xatırla məni" adlı şeirlər kitablarının müəllifidir.
Dörd dəfə Ümumittifaq festivallar laureatı adına layiq görülmüşdür. Azərbaycan Dövlət Televiziyası və Radiosunun arxivində Aşıq Ulduzun ifasında 50-dən çox folklorumuzun nadir inciləri saxlanılır.
Aşıq Ulduz mahir ifaçı olmaqla yanaşı, həm də aşıq sənətinin tarixini, nəzəri əsaslarını, aşıq havalarının incəliklərini, klassik aşıqlarımızın yaradıcılığını bilən və təbliğ edən, gənclərdə bu sənətə meyl və marağın güclənməsində böyük xidmətləri olan sənətkardır. Respublikada ilk dəfə Ü.Hacıbəyli adına Sumqayıt Musiqi Kollecində aşıq sənətinin tədrisinə başlamış, saz sinfi açmış və aşıq sənətinin tədris proqramını yazıb.
2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə U.Quliyeva Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB