"Sosial elmlərdə araşdırmanın metodikası” FOTO

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Qafqaz Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən "Sosial elmlərdə araşdırmaların metodikasının tədrisi ilə bağlı yay məktəbinin təşkil edilməsi" layihəsinin yekunu kimi hazırlanan "Sosial elmlərdə araşdırmanın metodikası" elmi məqalələr toplusunun təqdimatı keçirilib. SİA-nın məlumatına görə, ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin, qeyri-hökumət təşkilatları və digər müvafiq qurumların təmsilçilərinin iştirak etdikləri tədbirdə ATMU-nun rektoru, professor Cəfər Cəfərov layihənin başa çatması və toplunun nəşri münasibətilə iştirakçıları təbrik edib, tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, hazırlanan "Sosial elmlərdə araşdırmanın metodikası" elmi məqalələr toplusu bu sahədə hazırlanmış ilk vəsaitdir və sosial sahədə araşdırma aparan magistr, doktorantlar üçün olduqca əhəmiyyətli bir mənbədir.

Layihənin məqsəd və vəzifələrindən söz açan layihə rəhbəri Xaləddin İbrahimli bildirib ki, məqsədimiz bu sahədə tədqiqat aparan bütün magistr, dissentant, doktorant və tədqiqatçılara zəruri olan məlumatlar toplusunu hazırlamaq və bununla da tədqiqat apararkən sadəcə məlumat yığını deyil, eyni zamanda əldə olunan məlumatların sistemli bir şəkildə yazılmasını öyrətməkdir.

Topludakı məqalə müəlliflərindən olan Azərbaycan Dillər Universitetinin professoru Nəsib Nəsibli tədqiqatçılarda yazma qabiliyyətinin formalaşmasında boşluq olduğunu təəssüf hiss ilə bildirərək "Sosial elmlərdə araşdırmanın metodikası" elmi məqalələr toplusunu elmi araşdırmaçılar üçün tədqiqat nəticələrinin sistemləşdirilməsində yardımçı bir körpü rolunu olacağını vurğulamış və bu sahədə gələcəkdə tədqiqatların aparılmasını olduqca əhəmiyyətli hesab etdiyini qeyd edib.

ATMU-nun Menecment kafedrasının müdiri, dosent İsrayıl İsgəndərov Menecment ixtisasının proqramında İşgüzar yazışma fənninin daxil olduğunu və bu sahədə də tələbələrin yazı metodikası və texnikasını öyrənməli olduqlarını qeyd edib.

Tədbirin iştirakçısı, ATMU-nun Turizm Biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalov Turizm və Otelçilik ixtisasında təhsil alan tələbələr üçün araşdırmanın metodikası və dizaynını seçmə fənn olaraq tədris edilməsinə baxmayaraq bu sahədə ədəbiyyat qıtlığının olduğunu və yeni nəşr olunmuş ədəbiyyatın tələbələrə mövcud sahədə yardım edəcəyini vurğulayıb.

Toplunun məqalə müəllifləri ATMU-nun Tədqiqat və İnkişaf Şöbəsinin əməkdaşı PhD Qahirə Məmmədova doktorant kimi tədqiqat apardığı müddətdə qarşılaşdığı çətinliklər və onların aradan qaldırılması proseslərindən dolayı belə bir dərgidə zəruri məqamları özündə ehtiva edən məqalə hazırlamış və bu məqalələrin tələbə, magistr və doktorantlara faydalı olacağına inanır.

Turizmin linqivistik təminatı kafedrasının müdiri, dosent Seyidəli Məmmədli də öz çıxışında nitq ünsürünün şifahi və yazılı olmaq etibarilə iki qola ayrıldığını və bu ünsürün ikinci qolunun elmi inkişafına ehtiyac olduğunu qeyd edib.

Azərbaycan Universitetinin Dil-Ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova tədbir zamanı çıxış edərək qeyd etmişdir ki, hazırda orta təhsil müəssisələrində dərslərdə esse yazılması və esse yazılmasının qaydaları şagirdlərə öyrədilsədə universitet səviyyəsində bu işin daha təkmil və proqramlaşdırılmış şəkildə mənimsənilməsinə ehtiyac vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə