Azərbaycan qeyri-maddi mədəni irs sahəsinin qorunması, dəstəklənməsi, əhalinin asudə vaxtının mədəni təşkili üçün, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması" layihəsi hazırlanıb. SİA-nın məlumatına görə, bununla əlaqədar həyata keçirilən islahatlar Şəki və Lənkəran şəhər, habelə Abşeron, Balakən, Gədəbəy, Göygöl, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Masallı, Şamaxı rayonlarının klub müəssisələrinin fəaliyyətinə öz müsbət töhfəsini vermişdir və bu iş davam etdirilməkdədir.
"Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması" layihəsinin müsbət nəticəsi nəzərə alınmaqla aparılan islahatların davam etdirilməsi, Azərbaycan qeyri-maddi mədəni irsinin infrastrukturunun yerlərdə optimal şəkildə idarə edilməsi işinin daha səmərəli təşkili məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin 29.04.2015-ci il tarixli 217 nömrəli əmri imzalanıb. Əmrə əsasən, Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt, Şirvan, Yevlax şəhərlərində və Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Goranboy, Göyçay, Hacıqabul, Xızı, İmişli, Kürdəmir, Qax, Qobustan, Quba, Qusar, Laçın, Lerik, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zərdab rayonlarında Şəhər (Rayon) Mədəniyyət Mərkəzləri yaradılmışdır. Hazırda Mədəniyyət Mərkəzlərinin fəaliyyətlərinin təşkili istiqamətində iş aparılır.
Məsələ ilə əlaqədar, 25 may 2015-ci il tarixində Azərbaycan Xalça Muzeyində Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin direktorları və ya bu vəzifəni icra edən şəxslər üçün treninq-seminar keçirilib. Görülən işlərin davamı olaraq 2015-ci il ərzində islahatların aparıldığı rayonlar üzrə səyyar seminarların təşkili planlaşdırılıb.
Bu sahədə aparılan islahatların operativ və səmərəli təşkili, mədəniyyətin idarəolunması istiqamətində görülən işlərin sürətləndirilməsi, habelə Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsindən və məlumat, davamiyyət və qeydiyyat kitablarının Şəhər (Rayon) Mədəniyyət Mərkəzləri tərəfindən tərtibi qaydalarından irəli gələn məsələlərin həyata keçirilməsi məqsədilə 12 sentyabr 2015-ci il tarixində Masallı rayonunda səyyar seminar keçirilmişdir. Masallı rayon Mədəniyyət Mərkəzində təşkil edilmiş seminarda Cəlilabad, Masallı, Astara, Lənkəran, Lerik və Yardımlı rayonlarının Mədəniyyət Mərkəzlərinin direktorları, Mərkəzlərin metodistləri və aparıcı mədəniyyət evləri və klubların rəhbərləri iştirak ediblər.
Seminarda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli nazirliyin "Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması" strategiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 27.12.2012-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsinin tətbiqi, Şəhər (Rayon) Mədəniyyət Mərkəzləri (filialları ilə birlikdə) tərəfindən məlumat, davamiyyət və qeydiyyat kitablarının tərtibi qaydaları və digər mövzularda ətraflı məlumat verib.
Nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun aparıcı məsləhətçisi Vüqar Məmmədov Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin fəaliyyətlərinin təşkili ilə bağlı həyata keçirilən işlər barədə çıxış edib.
Qeyd edək ki, sonda Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin direktorlarına növbəti mərhələdə görüləcək işlərə dair tapşırıqlar verilmiş və seminar çıxışlara dair müzakirələrlə yekunlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB