COMCEC-in iclası öz işinə başlayıb

Bu gün Türkiyənin Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi qrupunun "Effektiv Turizm Marketinq Strategiyaları: İƏT-ə üzv olan ölkələr üçün İKT (informasiya və kommunikasiya texnologiyaları) əsaslı həll yolları" mövzusunda 6-cı iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə. iclas zamanı üzv ölkələrdə turizm marketinqində İKT vasitələrindən istifadə, bu sahədə mövcud vəziyyət, əsas problemlər və onların həlli yolları, ölkələrin bu sahədəki təcrübələri, tövsiyə və perspektivlər müzakirə edilir.

Tədbirdə Azərbaycan Respublikasını təmsil edən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cavid Abdullayev Azərbaycanda İKT sahəsinin son illər ərzində inkişaf səviyyəsi, Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqət, əldə edilən nailiyyətlər və turizmin inkişafında İKT-nin rolundan bəhs etmişdir.

Daha sonra, İKT vasitəsilə turizm potensialının təbliği və bu sahədə ölkələrin uğurlu nümunələrinə həsr edilmiş sessiya zamanı keçirilən müzakirələr çərçivəsində Nazirliyin nümayəndəsi Azərbaycanın elektron marketinq istiqamətində həyata keçirdiyi mühüm islahatlar, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış www.azerbaijan.travel rəsmi internet səhifəsi və onun istər gəlmə, istərsə də daxili turizmin inkişafında oynadığı rol və ölkəmizin turizm potensialının digər elektron marketinq vasitələri ilə təbliği haqqında danışmışdır.

Tədbirdə İƏT-ə üzv olan ölkələrin və beynəlxalq təşkilatların rəsmi nümayəndələri iştirak edir. Xatırladırıq ki, tədbir öz işini bu gün başa vuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə