Şeyx Əbdül Mahmudov: “Teatrı hoqqabazxana ediblər” AÇIQLAMA

Şeyx Əbdül Mahmudov: “Teatrı hoqqabazxana ediblər” AÇIQLAMA

"Akademik Milli Dram Teatrı mədəniyyət xadimləri üçün bir məbəd olub. Hazırda isə bu cür möhtəşəm teatrı hoqqabazxana ediblər". Bu sözləri SİA-ya kinorejissor Şeyx Əbdül Mahmudov son vaxtlar Akademik Milli Dram Teatrda aktyorlar arasında gedən qalmaqallarla bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, bu cür münaqişələr bütün sahələrdə var, lakin teatr ictimai yer olduğu üçün bu cür nöqsanlar daha tez üzə çıxır: "Əvvəla onu deyim ki, insanları çox tərifləmək, vaxtından tez fəxri adlar verib başa çıxarmaq olmaz. Bu gün aktyor və aktrisaların yarısından çoxu xalq artistidir. Hansı ki, səhnəyə can qoymuş Ceyhun Mirzəyev, Səməndər Rzayev kimi sənətkarların fəxri adı olmayıb. Azərbaycanın ən böyük teatrı olan Akademik Milli Dram Teatrının təəssüf ki, hələ də baş rejissoru yoxdur. Hər şey baş rejissordan başlayır. Əgər bir teatrda baş rejissor yoxdursa, bəs onda direktor nə işlə məşğuldur? Hesab edirəm ki, bütün səhvlər də elə buradan başlayır. Çox təəssüf ki, bir neçə gün əvvəl xalq artistləri Ramiz Novruz və Ramiz Məlik arasında heç də xoşa gəlməyən hadisə yaşandı. Əvvəla onlar arasında şəxsi söhbətləri olub. Nəticədə münaqişə polis bölməsinə qədər davam etdi. Ancaq danışıqlardan sonra onlar arasında barışığa nail olundu. Sevindirici haldır ki, bu gün sırf sənətlə məşğul olan aktyorlar da var. Biz nədənsə hər zaman nöqsanları qabardırıq. Düşünürəm ki, bəzən cəmiyyət üçün örnək olan məlumatlar da verilməlidir. Teatrda baş verən nöqsanları aradan qaldırmaq üçün ilk öncə mədəniyyət ocağı çox ciddi şəkildə yoxlanılmalı, sənət adamlarının razılığı ilə onlara baş rejissor, bədii rəhbər təyin olunmalıdır. Ancaq bundan sonra teatrda sakitlik hökm sürə bilər. Əgər bir müəssisədə idarəçilik sistemi yoxdursa, orada sakitlikdən danışmaq gülüncdür. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov çox yaxşı insandır. Ümid edirəm teatrda baş verən münaqişələr tezliklə həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə