BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə 2015-ci ilin 24 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sərəncam imzalanıb.
2013-cü ildə keçirilmiş II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasser Əbdüləziz əl Nassir arasında baş tutmuş görüşdə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi razılaşdırılıb. 2014-cü ilin sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində BMTSA Nazirlər Toplantısında bununla bağlı qərar qəbul edilib.
2015-ci ilin 18-19 may tarixində Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə səfər etmiş Nasser Əbdüləziz əl Nassir ölkə başçısı İlham Əliyev tərəfindən qəbul edilmiş və Azərbaycanın Foruma ev sahibliyi etməsi ilə bağlı məsələlər bir daha müzakirə edilib.
Bu gün Bakı Biznes Mərkəzində sözügedən Forumun təşkili ilə bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Təşkilat Komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin beynəlxalq əhəmiyyətini qeyd etmiş və BMT-nin bu mühüm Sammitinin ölkə başçısı cənab İlham Əliyevin himayəsi ilə keçiriləcəyini diqqətə çatdırıb. Xüsusilə vurğulanıb ki, Azərbaycan dövlətinin mədəniyyətlərarası dialoq sahəsində qlobal səviyyədə həyata keçirdiyi layihələrin, xüsusilə ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsləri və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq, belə bir yüksək səviyyəli tədbirin ölkəmizdə keçirilməsinə BMT tərəfindən etimad göstərilib.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə təqdimatla çıxış edib. Təqdimatda BMTSA Qlobal Forumunun ev sahibi ölkəsi üçün əhəmiyyəti, onun imicinin müsbət təsirləri və müasir beynəlxalq çağırışlarla bağlılığı qeyd edilib.
İclas zamanı Təşkilat Komitəsinin üzvləri - Təhsil nazirinin müavini Firudin Qurbanov, Daxili işlər nazirinin müavini Oruc Zalov, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digərləri çıxış edərək tədbirlə bağlı təmsil etdiyi qurumların üzərinə düşən öhdəliklərin lazımi səviyyədə yerinə yetiriləcəyini bildirmiş, tədbirin yüksək səviyyədə təşkili üçün zəruri olan tələblərin tez bir zamanda müəyyən edilməsi və müvafiq fəaliyyət planının hazırlanması zərurətini qeyd ediblər.
Qeyd edək ki, yekunda qərara alınıb ki, cari ilin 8-12 sentyabr tarixlərində ölkəmizə səfər edəcək BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyəti ilə tədbirin təfərrüatları ilə bağlı müzakirələr aparıldıqdan sonra ayrı-ayrı qurumlar arasında vəzifə bölgüsü müəyyən edilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB