Cəmşid Naxçıvanskinin yubileyi qeyd olunub

Cəmşid Naxçıvanskinin yubileyi qeyd olunub
Hərbi xadim, general Cəmşid Naxçıvanskinin 120 illiyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 aprel tarixli sərəncamına uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yubiley tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov və tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş sərgiyə baxıblar.

Tədbirdə çıxış edən Vasif Talıbov hərb tariximizdə dəyərli iz qoymuş Cəmşid Naxçıvanskinin bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçdiyini vurğulayıb: "Azərbaycan türkləri tarixən böyük hərb sənətinə malik olmuşlar. Bu sənətin inkişafında və davam etdirilməsində Naxçıvanskilər nəslinin nümayəndələri olan generalların da mühüm xidmətləri vardır. Cəmşid Naxçıvanski bu nəslin yetişdirdiyi altı generaldan biri idi" .

Qeyd olunub ki, Cəmşid Naxçıvanski müsəlmanlardan ibarət süvari eskadronunun komandiri kimi Birinci Dünya müharibəsi cəbhələrində qəhrəmanlıq göstərib, müharibə başa çatandan sonra tabeliyində olan hərbi hissə ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak edib. 1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda azərbaycanlı əhaliyə divan tutan erməni quldur dəstələri Cəmşid Naxçıvanskinin komandanlıq etdiyi alay tərəfindən darmadağın edilib və qısa müddətdə orada əmin-amanlıq yaradılıb. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov tərəfindən Bakıya dəvət olunan Cəmşid Naxçıvanskiyə ilk milli atıcı diviziyanın yaradılması tapşırılıb. 1921-1931-ci illərdə milli atıcı diviziyasının komandiri olan Cəmşid Naxçıvanski 1931-1934-cü illərdə Moskvada Frunze adına Ali Hərbi Akademiyada təhsil alıb, akademiyada gənc sərkərdələr nəslinin hazırlanmasında gərgin fəaliyyət göstərib.

Bütün bunlara baxmayaraq, 30-cu illərinin repressiyası görkəmli sərkərdə Cəmşid Naxçıvanskidən də yan keçməyib. Əvvəllər Azərbaycan Xalq Cümhuriyyətinin zabiti olduğu ona qarşı təqiblər artır, haqsız ittihamlar irəli sürülürdü. 1938-ci ilin may ayında həbs olunan Cəmşid Naxçıvanskiyə ölüm hökmü çıxarılıb.

Ali Məclisin sədri deyib: "Həyat - ömrün müddətinə görə deyil, bu ömrü necə yaşamağa görə qiymətlidir. Cəmşid Naxçıvanski şəxsiyyətinin böyüklüyü ondadır ki, bir-birinə zidd olan üç quruluşda yaşamasına baxmayaraq, şərəfli zabit adına ləkə gətirməmiş, həyatının məqsədini vətənə xidmətdə həsr edib".

Bildirilib ki, Azərbaycan xalqının digər görkəmli nümayəndələri kimi, repressiya qurbanı olan Cəmşid Naxçıvanski də əsl bəraətini ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tarixi yaddaşa və ədalətə qayıdış siyasəti nəticəsində alıb. 1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb, Naxçıvanda generalın ev-muzeyi yaradılıb, xatirəsi əbədiləşdirilib.

Qeyd edək ki, tədbirin sonunda qonaqlar Naxçıvan Dövlət Televiziyasının Cəmşid Naxçıvanskinin yubileyi münasibətilə hazırladığı "Sərkərdə" televiziya filminə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə