Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "Çanaqqala. Milli ruh" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, AYB-in gənclərlə iş üzrə katibi Rəşad Məcid Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyit Ahmet Arslanın təşəbbüsü və AYB ilə birgə keçirilən "Çanaqqala-100" müsabiqəsinin iştirakçılarının əsərləri toplanan bu kitabda 45-dən çox şeir, 10 hekayə, 40-dək məqalənin dərc olunduğunu bildirib. Tədbirdə AYB-in sədri, xalq yazıçısı Anar kitabın ərsəyə gəlməsində fəaliyyətinə və Azərbaycan–Türkiyə ədəbi əlaqələrinin güclənməsinə verdiyi töhfələrə görə Seyit Ahmet Arslanı "Bəxtiyar Vahabzadə" diplomu ilə təltif edib, uğurlar arzulayıb.
Seyit Ahmet Arslan Azərbaycanı özünün ikinci Vətəni hesab etdiyini, ölkəmizin ədəbiyyatını yaxından izlədiyini və sevdiyini, şair və yazıçılarımızın Çanaqqala haqqında yazdıqları şeir, məqalə və hekayələri əbədiləşdirərək kitab halına salmağı özünə borc bildiyini söyləyib. Tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı və digər çıxış edənlər Çanaqqala savaşında Türkiyə torpaqlarını müdafiəyə qalxan üç minədək azərbaycanlının da şəhid olduğunu vurğulayıblar. Qeyd edək ki, sonda topluda əsərləri nəşr edilən müəlliflər kitabdan seçmələr oxuyublar. Kitabın nüsxələri tədbir iştirakçılarına təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB