Bu gündən etibarən Nizami Kino Mərkəzində ABŞ-ın "Üçüncü artıqdır 2" və Türkiyənin "İçimdəki insan" bədii filmlərinin nümayişi başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rejissor Set Mak Farleynin komediya janrında çəkdiyi "Üçüncü artıqdır 2" filmi məxmər ayı Tedin növbəti sərgüzəştlərindən bəhs edir. Ted yenədə həddən artıq kübar olan insanları dəli etməyə davam edir. Bu dəfə, böyük eqolu danışan ayı və onun uzun ayaqlı sarışını uşaqlarının olmasını planlaşdırırlar. Köməyə ulduz donorlar, şəhər dəliləri və sadiq dostları Conni gəlirlər. Təzəcə Loridən ayrılan Conni yeni avantyuralara hazırdır. Üçüncü burada heç də artıq deyil.
Rollarda Mark Uolberq, Set MakFarleyn, Amanda Sayfred, Liam Nison, Morqan Friman, Patrik Varberton, Maykl Dorn, Dennis Xeysbert, Jessika Bart və Martin Klebba çəkiliblər.
Həmçinin, həmin gündən etibarən AF Media-Azərbaycan şirkətinin təqdimatı ilə "İçimdəki insan" filminin nümayişi başlanıb.
Rejissor Aydın Saymanın, İrfan Yalçın’ın "Fareyi Öldürmək" adlı romanının motivləri əsasında, dram janrında çəkdiyi bu film uşaqlıqdan bəri çəkdiyi acılar və haqsızlığa baxmayaraq "yaxşı" qalmağa çalışan bir insandan bəhs edir.
Qazet yazarı Nuri illər sonra doğulduğu qəsəbəyə gəlir. Tək məqsədi atasından qalan bağı satıb İstanbula dönməkdir. Köhnə dostu Sabri ilə qarşılaşdıqda onlar keçmiş hesablaşmaların içinə girirlər. Psixoloji kriz keçirən Sabri işlədiyi idarənin şefinin başını parçalayır və durumunu daha da pis hala salır. Nuri İstanbula dönməyə hazırlaşarkən dostu Sabrinin tutulduğunu və onun həbsxanada intihar etdiyini eşidir və bu cinayət və intiharın səbəblərini araşdırmağı qərara alır.
Filmdəki rollara Vedat Erincin, Suavi Eren, Füsun Demirel, Şebnem Bozoklu, Melek Şahin, Macit Koper, Menderes Samancılar, Murat Karasu və başqaları çəkiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə