Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu ölkəmiz üçün daha bir mühüm müvəffəqiyyət əldə edib. SİA-nın məlumatına görə, paytaxt Bakı "Aktiv materialların istilik-fiziki və mexaniki xassələri" üzrə növbəti beynəlxalq konfransına ev sahibliyi edəcək.
2013-cü ildə dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan Azərbaycan Konqreslər Bürosunun da aktiv olaraq iştirak etdiyi və səylərini əsirgəmədiyi bu danışıqlar Azərbaycan Texniki Universiteti və Almaniyanın Rostock Universiteti arasında baş tutub.
Nəzərə alsaq ki, qaz, maye və bərk cisimlərin istilik-fiziki və mexaniki xassələri bir çox texniki və sənaye proseslərində vacib rol oynayır, konfransın iqtisadi nöqteyi nəzərdən vacibliyini görmək mümkündür. Konfransın əsas məqsədi bu sahədə baş verən ən son nailiyyətləri təqdim etmək və beynəlxalq mütəxəssislər arasında müzakirələr aparmaqdır.
Beynəlxalq əhəmiyyətli bu tədbir cari ilin sentyabr ayının 17-də Azərbaycan Texniki Universitetində baş tutacaq və tədbirdə bir çox ölkədən 250-ə yaxın peşəkar mütəxəssisin iştirakı gözlənilir.
Əsas məqsədlərindən biri Azərbaycana iri miqyaslı tədbirlərin cəlb olunması olan Büro ölkənin təhsil institutları ilə sıx əməkdaşlıq qurub və bu nailiyyət həmin əməkdaşlığın nəticələrindən biridir.
Qeyd edək ki, Büro mütəmadi olaraq ölkənin ali təhsil müəssisələri ilə birgə iclaslar keçirərək Azərbaycanı beynəlxalq aləmdə daha da tanıtmaq yolları barədə müzakirələr aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB