Nizami Gəncəvinin büstü abadlaşdırılır

Nizami Gəncəvinin büstü abadlaşdırılır

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Azərbaycanın Özbəkistandakı Səfirliyinin təşkilatçılığı ilə Daşkənddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün restavrasiyası və büstətrafı ərazinin abadlaşdırılması işi həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, habelə Özbəkistandakı soydaşlarımız Azərbaycanın Özbəkistandakı Səfirliyinə məktubla müraciət edərək şəhərin mərkəzi hissəsində, Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısında yerləşən Nizami Gəncəvinin büstünün, büstətrafı ərazinin təmirə ciddi ehtiyac yarandığını bildiriblər. Onlar Azərbaycan Səfirliyindən bu sahədə aidiyyatı təşkilatların qarşısında məsələ qaldırılmasını və ərazidə abadlaşdırma işlərinin aparılmasını xahiş ediblər.

Məsələ ilə əlaqədar olaraq Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tərəfindən xüsusi komissiya yaradılmış, əraziyə baxış keçirilmiş və Nizami Gəncəvinin büstünün restavrasiyaya, büst ətrafı ərazinin isə abadlaşdırılmaya ciddi ehtiyac olduğu təsdiqlənib.

Son zamanlar Daşkənddə olan qarlı və şaxtalı havalar, habelə açılışı edildikdən sonra ərazidə əsaslı təmir işlərinin aparılmaması nəticəsində abidə və abidə ətrafı ərazidə bir sıra problemlər yaranıb.

Qeyd edək ki, 2004-cü ildə Azərbaycan ədəbiyyatının böyük şairi Nizami Gəncəvinin Daşkənddə onun adını daşıyan Dövlət Pedaqoji Universitetinin qarşısında abidəsi qoyulmuşdur. Abidənin açılışında Azərbaycan prezidenti cənab İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov iştirak ediblər.

Özbəkistana Azərbaycandan gələn qonaqlar, habelə Səfirlik, Mədəniyyət Mərkəzi tərəfindən keçirilən ədəbi-mədəni tədbirlərdə dahi Nizaminin büstü ziyarət edilir və bu protokola daxil edilib.

2014-cü ilin oktyabr ayında Özbəkistanda səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vəziyyət barədə məlumatlandırılmış və Mədəniyyət və Turizm Nazirliyi sözügedən işlərin həyata keçirilməsi üçün tələb olunan xərcləri öz üzərinə götürüb.

Layihə Azərbaycan Səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilmiş, aparılan işlər nəticəsində Daşkənddəki Nizami Gəncəvinin büstü restavrasiya edilmiş, büst ətrafında yerləşən ərazi tamamilə abadlaşdırılmış, bərbad vəziyyətə düşmüş metlax və mərmər örtüyü yeniləri ilə əvəz olunmuş, ərazi ətrafının dizaynı yaxşılaşdırılıb.

Bundan başqa, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin həyətində yerləşən Ulu öndərin büstünün dizaynı yenidən işlənmiş, büstün arxasında misdən böyük Azərbaycan bayrağının maketi hazırlanaraq quraşdırılıb.

Qeyd olunan işlər Özbəkistandakı azərbaycanlılar, habelə yerli qurumlar tərəfindən yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə