Bu gün Azərbaycan Rəssamlar İttifaqı və Vəcihə Səmədova adına Sərgi Salonunda "Kaspi" liseyinin şagirdlərinin əl işi və rəsm sərgisi nümayiş olunub. SİA-nın verdiyi məlumata görə, sərgi "Kaspi şagirdlərinin gözü ilə" adlanır.
Tədbirdə "Kaspi" liseyinin direktoru Tural Əliyev bu sərgidə bir il müddətində şagirdlərin əl işlərinin nümayiş olunduğunu söyləyib. Bildirib ki, "Kaspi" liseyinin əsas məqsədi müasir milli məktəbin təməlini qoymaqdır: "Bizim əsas prinsiplərimizdən biri də uşaqların istedadlarını üzə çıxarmaq, milli dəyərlərimizi aşılamaqdan ibarətdir. Ümid edirik ki, əsərlərə baxıb onlardan zövq alacaqsınız".
Sərgidə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva çıxış edərək Kaspi Təhsil Liseyinin bir illik fəaliyyətini başa vurduğunu söyləyib. Bildirib ki, "Kaspi" liseyi Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyətə başlayıb: "Biz müstəqil və özəl təhsil müəssisəsi olaraq fəaliyyətə başladıq. Digərlərindən fərqli olaraq öz daxili inkişaf konsepsiyasını işlədik. Bu konsepsiyanın da hər biri valideynlərin ürəyində olan arzuların təcəssümüdür. Onu da deyim ki, biz şagirdlərin potensialını kəşf edib, onlara faydalı istiqamət verə bilirik. Cəmi bir ildir ki, müstəqil fəaliyyət göstəririk. Bu sərgidə 100-dən çox əsər nümayiş olunur. Düşünürəm ki, bu sərgi olduqca xeyirli bir işdir. Ən vacibi isə hər bir uşaq içindəki potensialı üzə çıxarmaq imkanı əldə edir. Bəlkə də bu şagirdlərin arasından böyük rəssamlar yetişəcək".
Daha sonra Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova söz alaraq bildirib ki, bu şagirdlərin yaradıcılığından da göründüyü kimi Azərbaycan xalqı çox istedadlı xalqdır: "Həmin istedadlı uşaqları üzə çıxarmaq böyüklərin, valideynlərin əsas vəzifələrindəndir. Belə bir tədbirin 1 iyun – "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ərəfəsinə salınması olduqca təqdirə layiq haldır".
Qeyd edək ki, sərgidə 100 rəsm əsərləri, 40-dan çox isə dekorativ tətbiqi sənət əsərləri nümayiş olunur. Əsərlərin satışı nəzərdə tutulub və əldə edilən gəlir uşaq evlərindən birinə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB