Heydər Əliyev Sarayı Avropa Oyunları zamanı dinamik iş rejimində işləyəcək AÇIQLAMA

"Heydər Əliyev Sarayı da digər mədəniyyət müəssisələri kimi iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı dinamik iş rejimində işləyəcək". Bunu SİA-ya açıqlamasında Heydər Əliyev Sarayının mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə söyləyib. Bildirib ki, ölkəmizə gələcək yarış iştirakçıları və qonaqlara mədəni xidmət göstərilməsi, zəngin mədəni dəyərlərimizi yaxından tanıdılması məqsədi ilə bir sıra konsert proqramlarının keçirilməsi nəzərdə tutulub: "İyun ayında, Heydər Əliyev Sarayında YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salınan Azərbaycan muğam və aşıq sənətinin tanıdılması və təbliği məqsədilə aşıq və muğam ifaçılarımızın konsert proqramları, məşhur balet, milli, müasir rəqs kollektivlərinin və yerli, xarici estrada ifaçılarının iştirakı ilə maraqlı, fərqli, cəlbedici konsertlərin keçirilməsi planlaşdırılır. Düşünürəm ki, Saraya gələn qonaqlar onlara göstərilən proqramdan zövq ala biləcəklər".

Qeyd edək ki, Heydər Əliyev Sarayı 1972-ci il dekabrın 14-dən "V.İ.Lenin" adına Saray kimi fəaliyyətə başlayıb. Sonradan, 1991-ci ilin sentyabrından Mərkəzi konsert salonu "Respublika Sarayı" adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-ci il tarixli fərmanına əsasən Saray, hal-hazırda Heydər Əliyev adına Saray kimi fəaliyyət göstərir. Bu illərdə Sarayın səhnəsində dünya şöhrətli sənətçilər çıxış ediblər.

Respublikada geniş miqyaslı təmir-bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 35 illik fasiləsiz fəaliyyətdən sonra Heydər Əliyev adına Saray, prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə, Nazirlər Kabinetinin 425 saylı 19 fevral 2007-ci il tarixli Sərəncamına və Mədəniyyət və Turizm Nazirliyinin 133 saylı əmrinə əsasən 16 mart 2007-ci ildən əsaslı təmirə dayandırıldı.

16 oktyabr 2008-ci ildə Heydər Əliyev adına Saray əsaslı təmir-bərpa və yenidənqurma işlərindən sonra xarici dövlətlərdən alınan müasir və dünya standartlarına uyğun, ən modern avadanlıqlarla təchiz olunaraq, tam təzə görkəmdə təhvil verilib.

Respublikanın mərkəzi konsert salonu Heydər Əliyev adına Sarayını digər tamaşa və konsert müəssisələrindən fərqləndirən bir sıra xüsusiyyətləri də var. Sarayın səhnəsi respublikada ən böyük səhnə hesab olunur. Dünya standartlarına cavab verən xarici və daxili dizayn, səhnə, qrim otaqları (2-si VİP otaqlardır, bunlar pianino, royal, televizor, rabitə və sanuzel qovşağı ilə təchiz olunub), Azərbaycanda analoqu olmayan, ən müasir və modern səs, işıq, kinoproyeksiya, lazer və s. sistemləri, əsasən də xaricdən xüsusi sifarişlə gətirilmiş yüksək keyfiyyətlərə malik LED ekranları da məhz Heydər Əliyev adına Sarayın səhnəsinin başqa səhnələrdən üstünlüyünün nümunəsidir.

Mühüm dövlət tədbirləri də bu səhnədə keçirilir. 24 oktyabr 2008-ci ildə Prezident İlham Əliyevin And içmə mərasimi bu möhtəşəm Sarayın səhnəsində keçirilib.

Heydər Əliyev Sarayın rəsmi açılışı isə SSRİ xalq artisti Zeynəb Xanlarovanın 05-06 noyabrda keçirilən möhtəşəm solo konserti ilə oldu və bununla da Saray tam gücü ilə fəaliyyətə başladı.

Bütün xəbərlər Facebook səhifəmizdə