Bu gün III Ümumdünya Mədəniyyətləarası Dialoq Forumu öz işini yekunlaşdırdı.SİA-nın verdiyi məlumata görə, bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev forumda iştirak edən ölkələrin nümayəndələrinə təşəkkürünü bildirib. Nazir qeyd edib ki, Azərbaycan dövlətinin səylərinə əsaslanaraq beynəlxalq ictimaiyyət bu foruma böyük dəstək verdi. Buna görə də forumda yaxından iştirak edən təşkilatlara göstərdiyi səylər və irəli sürdükləri fikirlərə görə minnətdarlığını ifadə etdi. Nazir qeyd edib ki, biz mədəniyyətlərarası dialoq və dostluq məsələlərini daha dərindən bilmək və öyrənmək istədiyimizi bir daha nümayiş etdirməyə müvəffəq olmuş, III forumda da hamımız bir komanda kimi işləmişik.
Bağlanış mərasimində çıxış edən BMT SA-nın ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, Avropa Şurasının Demokratik Vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan Kristof, YUNESKO-nun Sosial və Humanitar elmlər üzrə baş direktorunun köməkçisi Nada Əl Naşif, Dünya Turizm Təşkilatının Yaxın və Orta Şərq üzrə regional direktoru Əmr Əbdül Qafar çıxışlarında forumun yüksək səviyyədə keçdiyini qeyd ediblər. Bildiriblər ki, belə tədbirlər müasir dünyada müvafiq problemlərin həllinə böyük töhfə verəcək. Böyük Britaniyanın Koventri Universitetinin Mədəniyyətlərarası Dialoq İnstitutunun rəhbəri Mayk Hardi forumun artıq 3-cü dəfə yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, Birinci Forumdan keçən müddət ərzində Azərbaycan tərəfinin öhdəsinə götürdüyü bütün vəzifələri uğurla yerinə yetirdiyini qeyd edərək, forumun ilk iş günündə ölkə başçısı İlham Əliyevin iştirakını və foruma dəstəyini xüsusi vurğulayıb. Mayk Hardi forum ərəfəsində səslənən fikir və rəylərin mədəniyyətlərarası dialoq istiqamətində həyata keçiriləcək məqsədyönlü işlərə öz töhfəsini verəcəyindən əminliyini ifadə edib.
Forumu yekunlaşdıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı üçün daha mötəbər və əlamətdar hadisənin yaxın günlərdə baş verəcəyini diqqətə çatdırmış, iştirakçılara Bakıda keçiriləcək 1-ci Yay Avropa oyunları haqqında məlumat verib. Nazir forumda iştirak edən regional təşkilatlara minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB