Azərbaycanda turizm sahəsinin davamlı inkişafı və işgüzar turizmin təkmilləşdirməsi istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu ölkəmizə daha çox beynəlxalq konfrans və görüşlərin cəlb olunması üzrə fəal şəkildə çalışır. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Büro hazırda Beynəlxalq Enerji İqtisadiyyatı Assosiasiyası (International Association for Energy Economics - IAEE) ilə təşkilatın 2016-ci ildə keçiriləcək konfransına ölkəmizin ev sahibliyi etməsi üzrə danışıqlar aparır.
IAEE-nın builki 38-ci beynəlxalq konfransı 25-27 may tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək. Tədbir zamanı Büronun satış və marketinq üzrə meneceri Ayan Zeynalova Bakının Assosiasiyasının beynəlxalq konfransına ev sahibliyi etmək təklifini təqdim edəcək.
Azərbaycan Konqreslər Bürosu fəaliyyətə başladığı 2013-cü ildən bəri Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi və Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi tanınması üçün çalışır.
Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu ilə əməkdaşlıq çərçivəsində IAEE-nin sədri, professor Dr. Gürkan Kumbaroğlu cari ilin aprel ayında Bakıya səfər edib və gələnilki konfransın Bakıda keçirilməsini müzakirə etmək məqsədilə bir sıra görüşlər keçirib. Energetika Nazirliyi, Azərbaycan Diplomatik Akademiyasında və s. keçirilən görüşlərdə Büronun nümayəndəsi IAEE-nin sədrini müşaiyət edib.
IAEE biznes, hökumət, akademik və digər sahələrdə enerji sektoru üzrə çalışan mütəxəssisləri bir araya gətirən müstəqil, qeyri-kommersiya beynəlxalq platformasıdır. 1977-ci ildə ABŞ-da yaradılan birliyin üzvülüyünə 100-dən çox ölkədən olan mütəxəssislər aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB