Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi yeni məhsulların – "Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər" sənədli və "Laçın-virtual səyahət" 3 d qrafik təsvirli filmlərin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan layihənin koordinatoru, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan yeni filmlərin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib: "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən orjinal variantda ingilis dilində, həmçinin Azərbaycan və rus dillərində subtitrlərlə istehsal olunan "Qafqaz Albaniyası:Gecikmiş həqiqətlər" sənədli filminin çəkilişində məqsəd Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası haqqında Ermənistanın elmi dairələrinin və erməni diasporasının dünya ictimaiyyətini aldatmaq yönündə fəaliyyətlərinə qarşı mübarizəyə tövhə verməkdir və Azərbaycan dövləti olan Qafqaz Albaniyasına məxsus tarixin, maddi-mədəni irsin, məbəd və kilsələlərin, epiqrafik yazıların ermənilər tərəfindən saxtalaşdırımasına dair elmi faktların dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Onu da deyim ki, filmin hazırlanmasında Azərbaycan ərazisində olan, Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində və Ermənistan ərazisində qalan qədim dövlətlərimizdən olan Qafqaz Albaniyasına məxsus maddi-mədəni-irsimiz alban məbədlərinə aid orjinal kadrlardan istifadə olunub. Film boyunca Qafqaz Albaniyasının mədəni irsinin varisi olan Azərbaycana yollanan britaniyalı araşdırmaçı Nigel Hetherinqton filmin aparıcısı kimi qədim albanların dini məbədlərini, alban yazılarını, maddi-mənəvi izlərini arayıb-axtarmaq, araşdırmaq missiyasını öz üzərinə götürüb. Film Amerika Birləşmiş Ştatlarından Jason Vande Brake və Maggie Walsh tərəfindən səsləndirilib. Yerli və xarici yaradıcı heyətin iştirakı ilə çəkilən "Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər" filmi Qafqaz Albaniyası mövzusunda xarici auditoriya üçün nəzərdə tutulan ilk sənədli filmdir. Filmdə yerli və xarici araşdırmaçılar ekspert qismində iştirak ediblər. Filmin qurluşçu rejissoru Həbibə Mirzəyeva, ssenari müəllifləri Davud Müzəffərli, Səbuhi Hüseynov, qurluşçu operatoru Rəşad Nuriyev, elmi məsləhətçiləri tarix elmləri doktoru Kərim Şükürov, tarix elmləri namizədi Natiq Alışovdur. Filmin ideya müəllifi və rəhbəri mənəm".
Mərasimin davamında filmə baxış keçirilib.
Nəzərinizə çatdıraq ki, "Laçın-virtual səyahət" 3 d qrafik təsvirli film vasitəsi ilə Azərbaycanın Qarabağ bölgəsinin Laçın rayonunun abidələri, küçələri qrafik təsvirlə sanki canlandırılır. Bir növ tamaşaçı Laçın rayonuna virtual səyahətə çıxır.
Qeyd edək ki, təqdimat mərasimində rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ictimai qurumların və gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB