“Nasizmə qarşı birlikdə idik” FOTOLAR

“Nasizmə qarşı birlikdə idik” FOTOLAR

Moskvanın Böyük Vətən Müharibəsi Muzeyində Rusiya Federasiyasının Baş naziri Dmitriy Medvedyevin iştirakı ilə "Birlikdə Əldə Edilmiş Qələbə" adlı forum çərçivəsində Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü ilə əlaqədar "Nasizmə qarşı mübarizədə birlikdə idik" adlı sərginin açılışı keçirilib.

Layihəyə əsasən sərginin təşkili üçün SSRİ-nin keçmiş müttəfiq respublikalarına müəyyən sahə ayrılır və bu sahələrdə dəvət almış hər bir ölkənin, o cümlədən Azərbaycanın Böyük Vətən Müharibəsində rolunu əks etdirən tarixi materiallar təqdim olunur.

Sərgidə Azərbaycana həsr olunmuş ekspozisiyanın təşkili məqsədilə nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun aparıcı məsləhətçisi Nərgiz Abdullayeva və Azərbaycan İstiqlal Muzeyinin baş mühafizi Aida Axundova və tərtibatçı rəssam samir Rzayev Moskva şəhərinə ezam edilmişlər.

Ölkəmizə həsr olunmuş ekspozisiya "Azərbaycanın qızıl ulduzları", "Azərbaycan xalqının Böyük Vətən Müharibəsi illərində qəhrəmanlığı", "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" və "416- Taqanroq atıcı diviziyası" adlı hissələrdən ibarətdir. Bununla yanaşı sərgidə Azərbaycanın görkəmli rəssamları: Tahir Salaxovun, Mikayıl Abdullayevin, Vidadi Nərimanbəyovun Böyük Vətən Müharibəsinə həsr etdikləri rəsm əsərləri, Azərbaycan İstiqlal və Milli Azərbaycan Tairixi muzeylərinin fondlarından eksponatlar, sənədli filmlər və Azərbaycanın Milli Arxivindən fotolar nümayiş etdirilir.

Rusiya Federasiyasının Baş naziri cənab Dmitriy Medvedyev Azərbaycan ekspozisiyası ilə yaxından tanış olmuşdur. Ekspozisiya üzrə D.Medvedyevə Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları, Azərbaycan neftinin əhəmiyyəti, Azərbaycanın görkəmli rəssamları tərəfindən yazılmış rəsm əsərləri barədə məlumat verilib. Ekspozisiyada dövlətimiz tərəfindən veteranlara göstərilən diqqət və qayğıya həsr olunmuş bölümdə baş nazir fotolar və "Azərbaycanın qızıl ulduzları" siyahısı ilə tanış olub. D.Medvedyev ekspozisiyanı yüksək qiymətləndirilmiş və nümayəndə heyətini təbrik edərək öz təşəkkürünü bildirib.

Sərgi zamanı qonaqlara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap edilmiş Azərbaycan rəssamlarının Böyük Vətən Müharibəsinə həsr etdikləri əsrlərinin kataloqu və CD disklər paylanılıb.

Qeyd edək ki, sərgi 2015-ci ili 18 oktyabr tarixinədək davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə