Şəkinin qədim və müasir incəsənəti, mədəni irsi təqdim olunub FOTOLAR

Şəkinin qədim və müasir incəsənəti, mədəni irsi təqdim olunub FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı layihəsi paytaxt sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. SİA-nın verdiyi məlumata görə, layihə çərçivəsində növbəti tədbir Şəkiyə həsr olunub. Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşıb.

Qonaqlar layihə çərçivəsində bölgənin mətbəxi, yerli xalq sənətkarlarının təkəlduz, şəbəkə, misgərlik, ipəkçilik, xalçaçılıq nümunələri, musiqi alətləri və digər əl işləri, Şəki yazarlarının əsərləri, rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin məhsulları, turizm imkanları və s. əks etdirən sərgi və stendlərlə tanış olublar.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev layihənin məqsədi barədə məlumat verib. Bildirib ki, Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini, regionların adət-ənənələrini, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını, sənət ustalarının əl işlərini, regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının çıxışlarını nümayiş etdirmək və bölgənin turizm imkanlarını təbliğ etməkdir.

Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qədim və zəngin Şəkinin Azərbaycanın tarixinə və mədəniyyətinə verdiyi töhfələrdən danışıb. Diqqətə çatdırıb ki, Şəki turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdəndir.

Tədbirdə qarşılıqlı hədiyyələr təqdim olunub.

Sonra Şəkinin sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən videoçarx nümayiş olunub, bu yurdun yetirməsi olan görkəmli simalar haqqında da məlumat verilib. Həmçinin, əslən şəkili olan kinorejissor, xalq artisti Rasim Ocaqovun çəkdiyi filmlərdən fraqmentlər göstərilib.

Tədbirdə Şəki şəhər mədəniyyət və turizm idarəsinin "Zirvə" xalq instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsert proqramı böyük maraqla qarşılanıb. Konsertdə əslən Şəkidən olan görkəmli bəstəkarların əsərlərinə üstünlük verilib.

Qeyd edək ki, bu il ərzində Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri təşkil ediləcək və hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə