Bu ilin iyun ayında keçiriləcək Avropa Oyunları zamanı ölkəmizə gələcək qonaqlara Mingəçevir Turizm Kollecinin tələbələri və məzunları bələdçi və tərcüməçi kimi xidmət edəcək. Mədəniyyət və turizm nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubovun sözlərinə görə, Avropa Oyunlarında avarçəkmə idmanı üzrə yarışlar bu şəhərdə təşkil olunduğundan rəhbərlik etdiyi turizm təhsili müəssisəsi də tədbirə öz töhfəsini verməyi planlaşdırır.
Kollecin fəaliyyətindən söz açan Əyyub Əyyubov qeyd edib ki, turizm sahəsi qeyri-neft sektorunda iqtisadiyyatın inkişafı üçün ən perspektivli sahələrdəndir. Ölkəmizdə bu sahənin inkişafı üzrə geniş potensial imkanlar var: "Eyni zamanda bu sahənin inkişafını təmin etmək üçün bacarıqlı mütəxəssislər tələb olunur. Mingəçevir Turizm Kolleci yarandığı gündən öz fəaliyyətini güclü maddi-texniki bazanın və kadr potensialının hazırlanmasına, tədris intizamının formalaşmasına və beynəlxalq əlaqələrin qurulmasına yönəldib. Hazırda bizim təhsil müəssisəsində 12 ixtisas üzrə mütəxəssis hazırlanır".
Kollecin beynəlxalq əlaqələrindən də danışan Əyyub Əyyubov bu günlərdə iştirakçısı olduqları "AİTF 2015" sərgisinin müxtəlif ölkələrdən turizm mütəxəssisləri ilə fikir mübadiləsi baxımdan əhəmiyyətini qeyd edib: "Artıq üç ildir ki, bu sərgidə iştirak edirik. Sərgi bu il daha geniş coğrafiyanı əhatə edir. Bu, həm regionların, həm də xarici ölkələrin sərgiyə artan marağının göstəricisidir. Belə sərgilər Azərbaycanın turizm imkanlarını beynəlxalq aləmdə tanıtmağa yaxşı imkan yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB