MTN Vaşinqtonda Azərbaycanı təmsil edib

MTN Vaşinqtonda Azərbaycanı təmsil edib

Vaşinqton şəhərində Corc Vaşinqton Universiteti Muzeyinin və Tekstil Muzeyinin yeni binasının ekspozisiyasının təntənəli açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova və Nazirliyin xalça və xalq tətbiqi sənəti üzrə müstəqil eksperti Əsli Səmədova iştirak edib. SİA-nın verdiyi məlumata görə, səfərin başlıca məqsədi Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində Azərbaycanı təmsil etmək, İCOC-un (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) üzvləri ilə görüş keçirmək və Bakı şəhərində 2017-ci ilin ikinci yarısında sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulmuş Azərbaycan Xalçasına həsr edilmiş Beynəlxalq Konqresin təşkilati məsələlərinin müzakirəsi olub.

Muzeyin təntənəli açılış mərasimi üç gün ərzində davam edib. Açılış mərasimində muzeyin direktoru Con Vetenholla və baş mühafiz Sumru Belger Krodu, Tekstil Muzeyinin qəyyumlar şurasının prezidenti Brus P.Baqanza və digər üzvlər, kolleksiyaçılar, tədqiqatçılar iştirak edib.

Tədbirin ikinci yarısında Show&Tell (təqdimat) hissəsinin əvvəlində Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova və qəyyumlar şurasının prezidenti Brus P.Baqanza tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış hədiyyələr: Çələbi Qarabağ xalçasının və Azərbaycan kəlağayısının təntənəli surətdə təqdimatı keçirilib.

Daha sonra kolleksiyaçılar tərəfindən iştirakçılar qarşısında açıq müzakirə və şifahi ekspert rəyinin alınması üçün Muzeyin Fond-Satınalma Komissiyasına və tədbirdə iştirak edən müstəqil ekspertlərə təqdim edilmiş 100-dən artıq əşyanın nümayişi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə