Bu gün Nizami Kino Mərkəzində rejissor Şahin Zəkizadə tərəfindən çəkilən "100 kağız" filminin qala-gecəsi baş tutub. SİA-nın verdiyi məlumata görə, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecədə bütün iştirakçıları salamlayan Şahin Zəkizadə ekran əsəri barədə məlumat verib.
Bildirib ki, filmin ideyası 14 il əvvəl yaranıb. Belə ki, film 52 aktyorun iştirakı ilə 21 günə çəkilib: "Çəkilişlər Bakıda və Şamaxıda lentə alınıb. Kinoda sənətdə öz sözünü demiş aktyorlarımız yer alıb".
Səhnəyə dəvət olunan filmin yaradıcı heyəti bu işdə onlara köməklik göstərənlərə minnətdarlıqlarını bildiriblər.
Sonra hamının səbirsizliklə gözlədiyi ekran əsri təqdim olunub.
Ekran əsərində cərəyan edən hadisələr yüz manatlıq əsginas üzərində qurulub. Əsginas əldən ələ keçərək, sahibini dəyişir. Sahiblər isə son dərəcə maraqlı obrazlardır - həkim, yol polisi, müğənni, falabaxan, molla və digərləri.
Bu filim komediyadan daha çox tragikomediyadır. Finalında gülüş deyil, göz yaşları var. Filmdə bir ideya, xətt var və bütün qurulan süjet xətti həmin ideyaya xidmət edir. Bu dramaturji cəhətdən mükəmməl bir komediyadır. Ekran əsərində baş qəhrəman yoxdur, baş qəhrəman məcazi mənada 100 manatlıq əsginasdır.
Filmin baş prodüserləri Tahir Tahiri, Seymur Səfərov, ssenari müəllifləri Fərid Rzayev, Şahin Zəkizadə, redaktoru İlqar Fəhmi, quruluşçu operatoru Rövşən Namazov, icraçı prodüseri Aqil Adiloğlu, quruluş və geyim üzrə rəssamı Aygün Mahmudova, qrim rəssamı Natalya Netrunenkodır. Ekran əsrində əsas rolları xalq artistləri Valeh Kərimov, Cəfər Namiq Kamal, əməkdar artistlər Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Nicat Kazımov, Pərviz Məmmədrzayev, Təvəkkül Əliyev, müğənni Roza Zərgərli və aktyorlar Bəhram Bağırzadə, Azər Axşam, Qurban İsmayılov, Əjdər Zeynalov, Qurban Məsimov və başqaları canlandırıblar.
Qeyd edək ki, tamaşaçılar "100 kağız" filminə aprelin 9-dan etibarən Bakının bütün kinoteatrlarında izləyə biləcəklər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB