IV Beynəlxalq Muğam Festivalı başa çatdı

IV Beynəlxalq Muğam Festivalı başa çatdı

Bu gün Heydər Əliyev Sarayında "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə IV Beynəlxalq muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir: "Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut etdi. Bu gün Azərbaycan mədəniyyətinin böyük inkişaf yolunu keçib. Prezident İlham Əliyev tərəfindən mədəniyyət və incəsənətlə bağlı imzalanan rəsmi sənədlər bu sahənin inkişafına böyük təkan verməkdədir".

Nazir musiqi bayramına təşrif buyurmuş qonaqlara muğam sənətinə bəslədikləri hörmətə və diqqətə görə təşəkkürünü bildirib.

Sonra "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilmiş muğam müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Qalibləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə və müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi təltif edib.

Qeyd edək ki, müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçilər qatılmışdı.

Solo muğam ifaçılığı üzrə müsabiqədə azərbaycanlı xanəndə Aytən Məhərrəmova və İrandan İsa Şoxri birinci, İlkhom İsmoilov (Özbəkistan) və Orxan Hüseynli (Azərbaycan) ikinci, "Lamekan ansamblı" (Belçika/Türkiyə) və "Gerbi Diyar Küyşiliri" qrupu (Çin) üçüncü yerlərə layiq görülüblər.

İnstrumental muğam ifaçılığı üzrə birinci yeri Azərbaycandan Aygül Həsənova (qanun), ikinci yerləri İordaniyadan Tareq Cundi (ud) və həmyerlimiz Zərqələm Cəfərova (kamança), üçüncü yeri isə təmsilçimiz Tofiq Məmmədov (tar) tutub.

Qaliblərə diplom və pul mükafatları təqdim olunub. Həmçinin İrandan gələn xanəndə İbrahim Qulami, Tacikistandan Sitora Karamatullo və həmyerlimiz Xətai Hacıyev müsabiqənin xüsusi mükafatına layiq görülüblər.

Nəzərinizə çatdıraq ki, "Qran-pri" mükafatı heç kimə təqdim edilməyib.

Qeyd edək ki, festival martın 11-dən 18-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən reallaşıb. Sonda qaliblərin iştirakı ilə qala-konsert keçirilib. Qaliblərlə yanaşı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası da çıxış edib. Gecədə, həmçinin bəstəkar Ruslan Ağababayevin "Heydərbaba" kantatasının premyerası olub.

Bütün xəbərlər Facebook səhifəmizdə