Bu gün "28 mall" ticarət mərkəzində daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Novruz turu məhsullarının şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə ikinci "Mövsüm Səyahət Yarmarkası" layihəsi həyata keçirilir. Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə baş tutur. SİA layihə barədə onun təşkilatçıları və iştirakçılarının fikirlərini öyrənib.
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Cəfər Qarayev: "Bu layihəni respublikamızda fəaliyyət göstərən 30-a yaxın mehmanxana və turizm şirkətinin təklif etdiyi ölkədaxili, həmçinin qarşıdan gələn "8 Mart" Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibəti ilə tur paketlərinin əlverişli şərtlərlə şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə reallaşdırmışıq. Burada vətəndaşlarımıza bayram günlərini səmərəli keçirmələri üçün mehmanxana və turizm şirkətlərinin qiymətlərini təqdim etmişik. Layihədə turizmdə aktiv fəaliyyət göstərən şirkətlər iştirak edir. Yarmarka çərçivəsində müxtəlif yarışlar və müsabiqələr keçiriləcək. Həmçinin milli rəqslərimiz nümayiş olunacaq. Onu da deyim ki, bu günün üstünlüyü ondan ibarətdir ki, bir şəxs müxtəlif istiqamətlər üzrə məlumatlar əldə edə biləcək. Bu tipli yarmarkanın ildə üç dəfə keçirilməsi nəzərdə tutulub. İlk belə yarmarka Yeni il ərəfəsində, noyabr ayında keçirilmişdi, bu İkinci Mövsüm Səyahət Yarmarkasıdır. Növbəti yarmarka yay fəsli öncəsi təşkil olunacaq".
Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov: "Bu layihənin həyata keçirilməsinin əsas məqsədi ondan ibarətdir ki, aparıcı turizm şirkətləri öz məhsullarını qonaqlara və sakinlərimizə təqdim etmək imkanı əldə edirlər. Bundan başqa bu tipli yarmarkaların keçirilməsi Azərbaycanda turizmin inkişafına mühüm təsir göstərir. Həmçinin burada yeni turizm növləri və xidmətləri təqdim olunur. Bu həm daxili, həm də xarici turizmin inkişafı üçün müstəsna rol oynayır. Bu cür yarmarkanın ölkəmizdə ikinci dəfə keçirilməsinə baxmayaraq, Azərbaycan Turizm Assosiasiyası bunu mütəmadi keçirmək fikrindədir".
Mirzə Ələkbər Sabir Fondunun nümayəndəsi Rövşən Məmmədov: "Biz burada iştirak etməklə milli geyimlərimizi təbliğ edirik. Əsas qayəmiz Azərbaycanda milli geyim gününün keçirilməsidir. Hesab edirəm ki, ölkəmizdə ildə bir dəfə milli geyim günü keçirilsin və hər kəs milli geyimdə olsun. Bu gün burada bizim fondun proqramı təşkil olunacaq. Bir sözlə bizim qayəmiz təkcə M.Ə.Sabir irsini davam etdirmək deyil, həmçinin Azərbaycan adət-ənənələrinin, ana dilimizin təbliğidir".
Qeyd edək ki, II "Mövsüm Səyahət Yarmarkası" bu gün saat 12:00-dan, axşam saat 20:00-dək davam edəcək. Gün ərzində insanlar sözügedən yarmarkanı ziyarət edib, müxtəlif uduşlar qazana biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB