Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin "Aida" operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşada üç dövlətin – Ukrayna, Gürcüstan və Azərbaycanın vokal sənəti ulduzları iştirak edəcəklər.
Aida partiyasını Ukraynanın Əməkdar Artisti Viktoriya Çenskaya səsləndirəcək. V.Çenskaya bir çox beynəlxalq müsabiqələrin laureatıdır. Almaniya, Macarıstan, Şotlandiya, İspaniya, Niderland, İtaliya, Fransa, Tailand və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olub.
Radames rolunda Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili çıxış edəcək. Amonasro partiyasını ifa etmək üçün isə Ukraynanın Əməkdar Artisti Dmitri Qrişin dəvət olunub.
Tamaşada əsas rollardan biri olan Amneris partiyasını isə Azərbaycanın Əməkdar Artisti Fidan Hacıyeva canlandıracaq. Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri – xalq artisti Əli Əsgərov, əməkdar artistlər Gülnaz İsmayılova, Əkrəm Poladov və başqaları çıxış edəcəklər.
Qeyd edək ki, fevralın 28-də baş tutacaq tamaşanın dirijoru Z.Paliaşvili adına Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri David Kintsuraşvilidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB