Nazim Səmədov Kamboca Krallığında səfərdədir

Nazim Səmədov Kamboca Krallığında səfərdədir

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 4-6 fevral tarixlərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı və YUNESKO-nun birgə təşkilatçılığı ilə keçirilən "Turizm və Mədəniyyət üzrə Dünya Konfransı: Yeni Əməkdaşlığın Qurulması" adlı tədbirdə iştirak etmək məqsədilə Kamboca Krallığının Siem Reap şəhərində səfərdədir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, YUNESKO-nun baş direktoru İrina Bokova, Kamboca Krallığının Kralı Norodom Sihamoni və Baş naziri Hun Sen, 50-yə yaxın ölkənin mədəniyyət və turizm nazirləri və digər yüksək vəzifəli şəxslər iştirak edir. Mədəniyyət və turizm nazirlərinin bir araya gəldiyi konfransda iqtisadi artım, sosial inkişaf, turizm və mədəniyyətin qorunması sahəsİndə birgə əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə müzakirələr aparılacaq. Üç gün davam edəcək konfrans mədəniyyət və turizm sahələrində mövcud problemlərin və əməkdaşlıq yollarının araşdırılması baxımından çox əlverişli imkandır.

Qeyd edək ki, mədəniyyət və turizm nazirlərinin birgə toplantısı ilk dəfə Azərbaycan tərəfindən təşəbbüs edilmiş və 2013-cü ilin 30-31 may tarixlərində Bakıda keçirilmiş I Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyət və turizm nazirlərinin konfransı təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə